Manaf Ağayev Akif Çovdarovun adı hallanan məhkəmə işində ifadə verdi

Manaf Ağayev Akif Çovdarovun adı hallanan məhkəmə işində ifadə verdi
Hadisə 1855

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid Reyhan Xəlilov ifadə verib.

O, İ.Qasımovun rəhbərlik etdiyi "Real” MTK-ya Nərimanov rayonu ərazisində mənzilini satan şəxslərdən olduğunu bildirib. R.Xəlilov həmin evlərin yerləşdiyi ərazini İ.Qasımov bina tikmək üçün aldığını deyib. Onun sözlərinə görə, 70,5 kvadratmetr olan evini "Real” MTK-ya 141 min manata satıb: "Həmin ev satışından İlham Qasımov mənə əlavə olaraq 25 min manat verdi".

Məhkəmə prosesində R.Xəlilova evini 141 min manata satmağına baxmayaraq, müqavilədə mənzilin alınması üçün ödənilən məbləğ 762 min manat olduğu məlum olub. O, bundan xəbərsiz olduğunu bildirib.

Digər şahid R.Xəlilovun qardaşı Eyvaz Xəlilov dindirilib. Həmin şəxs də bacısının ifadəsinə oxşar ifadə verib.

Daha sonra şahid qismində "Real” MTK-nın baş mühasibi Ədilağa Hüseynov dindirilib. O, 2012-ci ildən şirkətdə çalışdığını, zərərçəkmiş, şair Gülağa Tənhanın (Qəmbərov) İ.Qasımovla şərik olduğunu qeyd edib. Onun sözlərinə görə, İ.Qasımov "Real” MTK-dakı payını Gülağa Tənhaya satıb. Nərimanov rayonu ərazisində alınan evlərin köçürülməsi haqda danışan Ə.Hüseynov həmin mənzillərin qiymətləndirilməsindən xəbərinin olmadığını vurğulayıb. O, "Real” MTK-nın direktoru olmuş Sahib Cahangirlinin dedikləri əsasında sənədləşdirmə işlərinin aparıldığını deyib: "Mən müstəntiqin səmimiyyətinə inanıb, onun nə dedimsə yazdığını düşündüm və həmin kağızları imzaladım. Eynəyim maşında qaldığı üçün həmin yazılanları oxumadım və qol çəkdim”.

Prokuror vəsatət verərək baş mühasib Ə.Hüseynovun digər proseslərdə də iştirak etməsini istəyib. Dövlət ittihamçısı vəssatətini ifadələr zamanı çarpaz dindirilmənin vacib olması ilə əlaqələndirib. Məhkəmə vəsatəti təmin edib.

Prosesdə şahid qismində müğənni Manafa Ağayev də ifadə verib. O, təqsirləndirilən İ.Qasımovu tanıdığını bildirib. M.Ağayev dindirilən zaman bina tikilməsi üçün alınan ərazidə iki qarajının olduğunu və İ.Qasımovun bacısı oğlunun onun yanına gəldiyini vurğulayıb: "İlhamı tanıyırdım. Onun bacısı oğlu Sahib qarajların satmasını istədi. Mən də qarajı istəmədim və ona ancaq obyektlə dəyişə biləcəyimi bildirdim. Daha sonra alqı-satqı olmadı. Qarajların sənədləri yoxdur. Onları çoxdan almışdım".

Zərərçəkmiş Gülağa Tənhanın köməkçisi işlədiyini deyən T.Bünyatzadə ifadəsində 2010-cu ildən şairin Bakıdakı bəzi işlərinə kömək etdiyini qeyd edib. Onun sözlərinı görə, Gülağa Tənha İ.Qasımova 19.5 milyon manat verərəkən orada olub. T.Bünyatzadə pulun hansı məqsədlə və nəyə xərclənməsi üçün verilməsindən xəbərsiz olduğunu deyib.

Məhkəmənin növbəti prosesi noyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, İ.Qasımov bu il iyun ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İ.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra İ.Qasımov barəsində CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham irəli sürülüb.

Məhkəmə prosesində zərərçəkmiş qismində şair Gülağa Tənha (Gülağa Qəmbərov) ifadə verib. O, İ. Qasımova 19,5 milyon dollar verdiyini deyib.

Xatırladaq ki, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər