Hərbi ekspert: "Düşmənin döyüş itkiləri bizdən dəfələrlə çoxdur"

Hərbi ekspert: Düşmənin döyüş itkiləri bizdən dəfələrlə çoxdur
Hadisə 1331
 

Azərbaycan komandanlığının yeni müharibə yanaşmaları və düşüncəsi, müasir silah və vasitələrin tətbiqi, bölmələrin yüksək döyüş hazırlığı və döyüş idarə və əlaqələndirilməsi imkan verdi ki, hücumda olmağımıza baxmayaraq, müdafiədə dayanan düşməndən daha az itki verək.

BAKU.WS-in məlumatına görə, bunu "AzeriDefence”ə 3 günlük müharibə və onun itkiləri ilə bağlı məsələni şərh edən hərbi ekspert, ehtiyatda olan zabit Nazim Bayramov bildirib.

Bəzi KİV və sosial şəbəkələrdə guya Azərbaycan Ordusunun həddən artıq itki verməsi, qarşıya qoyulan tapşırıqları yerinə yetirə bilməməsi barədə yer alan məlumatlara aydınlıq gətirən ekspert bu yanaşmanın doğru olmadığını, bu tip informasiyaların ictimaiyyətdə mənfi psixoloji təsir yaratmağa və Azərbaycan Silahlı Qüvvələrini gözdən salmağa hesablandığını bildirib.

N. Bayramovun sözlərinə görə, hərbi yanaşmada canlı qüvvə itkiləri ölən və yaralıların ümumi sayını nəzərdə tutur. Yaralılar ölənlərlə bərabər itki sayına ona görə daxil edilir ki, itki vermiş konkret bölmənin döyüş meydanında sırada qalan döyüş qabiliyətli şəxsi heyyətinin sayı bölmənin qarşısına qoyulmuş döyüş tapşırığının (vəzifəsinin) yerinə yetirməsinin davamı üçün həlledicidir: "Misal üçün, 100 nəfərlik bölmədə döyüş ərzində 30-40 nəfər yaralı varsa, bu bölmə canlı qüvvədə 30% itki vermiş hesab olunur. Beləliklə, konkret döyüşün gedişatında və davamında bölmənin döyüş qabiliyətinin saxlaması (ölmüş ya yaralanmışdan asılı olmayaraq) döyüşü davam etdirmək qabiliyətində olanların sayı ilə müəyyənləşir. Buna görə hərbi yanaşmada könkret döyüşdə yaralılar da ölənlər kimi itkilərə daxildir.

nazimMüdafiədə dayanan, möhkəmləndirilmiş mövqelərdə daha qorunmuş olur və qüvvə və vasitələrini daha gizlin istifadə edə bilir. Hücum tərəfi isə müdafiə olunanın üstünə açıqda hərəkət edir və onun atəşi qarşısında daha qorumasızdır. Buna görə Döyüş Nizamnamələri hücuma keçənin müdafiə olunandan canlı qüvvədə- sovet hərbi standartları ilə 3 dəfə, NATO standartları ilə 5 dəfə çox olmasını- tələb edir. Beləliklə, müdafiədə dayananla hücumda olanın nisbəti 1:3, 1:5 olmalıdır. Dağ şəraitində hər iki hərbi məktəb bu nisbəti vəziyətdən asılı olaraq, 1:6, 1:10 tələb edir.

Bu nisbətlər nəyi təmin etməlidir? Əlbəttə ki, döyüş vəzifəsinin hücumda olan bölmə tərəfindən etibarlı şəkildə yerinə yetirilməsini təmin etməlidir. Niyə nisbət belə çox nəzərdə tutulur? Hücumda olan müdafiədə dayanandan daha çox itki verə biləcəyinə görə, o, sayca daha çox olmalıdır ki, hücum zamanı itki verərək, sayı azalsa da, düşmənin müqavimətini qırıb, onu ya məhv edib ya qaçmağa vadar edərək, onun dayandığı mövqeləri tuta biləcək, müdafiə xəttinə çıxa biləcək qalan sayı kifayət etsin. Axı biz filmlərdə görmüşük ki, tək bir əsgər onlarla, yüzlərlə düşmən əsgərini məhv edir. Bəli, bu cür şeylər yalnız kinoda olur. Döyüş Nizamnamələri isə minlərlə il ərzində müharibələrdə, döyüş meydanlarında qanını axıtmış əsgərin qanı ilə yazılıb”.

Ekspert qeyd edib ki, ermənilərin müdafiəsi bir birinin arxasınca qurulmuş iki eşalondan ibarətdir. Düşmən müdafiəsinin birinci eşalonu işğal olunmuş Cəbrayıl, Fizuli, Ağdam və Kəlbəcər rayonlarından keçir və təmas xətti adlandırdığımız xətti təşkil edir. İkinci eşelon əsasən keçmiş Dağlıq Qarabağ Muxtar Respublikasının inzibati sərhədi ilə – dağlarda təşkil etdiyi möhkəmləndirilmiş müdafiə rayonlarından (MMR) ibarətdir. Düşmən MMR sistemini "Ohanyanın xətti” adlandırır və onu keçilməz hesab edirdi. Hər iki eşalon xüsusi möhkəmləndirilmiş müdafiə istehkamlarından və qarşısı minalanmış və digər mühəndis – istehkamlardan ibarətdir. Yalnız Tərtərlə üzbəüz keçən düşmən müdafiəsi onun bilavasitə ikinci eşalonunun (MMR sisteminə) tərkibinə daxildir.

"Ordumuz keçirdiyi əməliyatlarda tutduğu bir yüksəklik – Lələtəpə düşmən müdafiəsinin birinci eşalonuna daxil idi, ikinci – Talış və Madagiz ətrafındakı yüksəkliklər müdafiəsinin ikinci eşalonuna – MMR sisteminə, bilavasitə tərifli "Ohanyan xəttinə”- daxil idi. Ordumuz düşmənin həm birinci eşalonunu yardı, ən əsası isə bilavasitə "Ohanyan xəttinə” aid, MMR sisteminin Ağdərə istiqamətində, onun müdafiəsində mühüm rol oynayan müdafiə qovşağını darmadağın edərək, əhəmiyətli yüksəklikləri tutdu”, – deyə ekspert  əlavə edib.

N. Bayramovun sözlərinə görə, normalda söhbət tamamilə tərsindən getməli və mübahisə predmeti – düşməndən neçə dəfə çox itki verməmiz olmalı idi: "Düşməndən 3 dəfə çox itki versəydik, döyüş vəzifələrinin tam həcmdə yerinə yetirdiyimizi nəzərə alaraq, normal hesab olunmalıydı. Ancaq biz əksini görürük- müdafiədə olan düşmənin döyüş itkiləri istər canlı qüvvədə, istər texnika və artilleriya vasitələrində bizdən nəinki çoxdu, dəfələrlə çoxdur”.

N. Bayramov qeyd edib ki, hərbi yanaşmada itkilərimizin sayına görə ordumuz olduqca uğurlu əməliyatlara imza atıb və yüzlərlə əsgər həyatı qorunub saxlanıb. Lakin bəzi ehtiyatda olan hətta yüksəklik rütbəli, hərbçilərimiz bildikləri hərbi elmi, metodikanı və praktikanı kənara qoyub, mülki şəxslərin əhvalına uyaraq, vəziyətin qiymətləndirməsinə və hesabına öz xəyal, arzu və istəklərini qoşurlar.

BAKU.WS

Son xəbərlər