Elza Seyidcahanın qızıllarını mənimsəyənlərin işi: "Üstümüzdə 80 000 manat borc qalmışdı"

Elza Seyidcahanın qızıllarını mənimsəyənlərin işi: Üstümüzdə 80 000 manat borc qalmışdı
Hadisə 35

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşların etibarından sui-istifadə edərək onların qızıllarını mənimsəməkdə təqsirləndirilən "Lombard Xəyal" ləqəbli Xəyal Abdullayev və köməkçisi Fərid Abuzərlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahid A.Q. təqsirləndirilən Xəyal Abdullayevin atası olduğunu bildirib:

"Mən Xəyalın lombardında nəzarətçi olmuşam. 2022-də orada işdən çıxdım. Sonra Xəyal həbs olundu, 2023-cü ildə həbsdən çıxdı. Pul işinə Xəyal və Fərid Abuzərli nəzarət edirdilər. 2024-cü ildə oğlum Xəyal yenidən həbs edildi. Səbəb kimi də camaatın qızıllarını satması göstərilmişdi. Fərid həm də kassaya baxırdı, pulları qəbul edirdi".

Məhkəmə təqsirləndirilənlərdən Fərid Abuzərlinin ifadəsi ilə davam edib:

"2019-cu ildən 9-cu mikrorayondakı filialda lombardda operator kimi işləməyə başladım. Xəyalı uşaqlıqdan tanıyıram, yerliyik, ailəvi gediş-gəlişimiz var. Bir müddət sonra kassir kimi işləməyə başladım. 2022-ci ildə Xəyalı həbs elədilər. Bizim üstümüzdə 80 000 manat borc qalmışdı, qızılları müştərilərə verə bilmirdik. Xəyal çıxandan sonra qızılları bir müddət qaytara bildik. Sadəcə VÖEN mənim adıma olub, kassada pul qəbul etmişəm. Mən 2-3 ay operator kimi işlədim. 2021-ci ildə müharibədən qayıtdıqdan sonra zərgər işlədim. Bu işi Həsən dayıdan 2-3 aya öyrənmişdim.

İstintaqda adıma üç sənədin olduğu üzə çıxdı, guya rəsmiləşdirmə edib qızılları götürmüşəm. Bundan o vaxta kimi məlumatsız idim, xəbərsiz idim. 2025-ci ilin mayında tutuldum, əsas da VÖEN-in adıma olması idi. Maaşım əvvəl 400, sonra 500, ən sonda 800 manat oldu. Sənəd üzərində rəhbər mən idim, amma qərarverən şəxs mən olmamışam".

Növbəti proses noyabrın 20-də saat 14:30-a təyin olunub.

İttihama görə, təqsirləndirilən şəxslər öncə tanışlarının adına saxta sənəd hazırlayaraq, pul müqabilində onlardan qızıl alıblar.

Həmçinin onlar investor cəlb etmək məqsədilə saxta sənədlər hazırlayıb, onları öz məqsədi üçün istifadə edib və bu yollarla vətəndaşları aldadıblar. Vətəndaşlar pulu qaytarsalar da, verdikləri qızılı ala bilməyiblər. İş üzrə 31 vətəndaş zərərçəkmiş şəxs qismində tanınıb. Təqsirləndirilən şəxslər vətəndaşlara ümumilikdə bir milyon manata yaxın ziyan vurublar.

Qeyd edək ki, zərərçəkmiş şəxslər arasında Əməkdar artist, bəstəkar Elza Seyidacahan (Qasımova) və jurnalist Elnarə Kərimova da var.

Təqsirləndirilən Xəyal Abdullayev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli-miqdarda törədildikdə), 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), Fərid Abuzərli isə 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib, barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər