Bir həftənin gəlininin qorxu filmi kimi qətlinin təfərrüatları
Polis rəisinin müavini: "Samir meyiti bağdan 18 km aralıda yerləşən meşəyə aparıb. Özü də velosipedlə...”
Qəzetimizin ötən sayında xəbər vermişdik ki, toyundan bir həftə sonra itkin düşən və bir neçə gün öncə meyiti tapılan Gülnar Vəliyevanın işi ilə bağlı gözlənilməz qərar verilib. Belə ki, 23 yaşlı arvadını öldürən Samir Həbibov sərbəst buraxılıb. 34 yaşlı Samir Həbibov 3 milyon rubl (67 min 800 AZN) girov müqabilində azad edilib.
S.Həbibovun daha öncə məhkum olunması, eləcə də narkotik maddələrdən istifadə etməsi barədə xəbər vermişdik. Dünənsə qətlin tam təfərrüatları ortaya çıxıb. Lent.az "life” portalına istinadən xəbər verib ki, S.Həbibovun öz yoldaşını niyə öldürməsinin səbəbləri, eləcə də qətlin detalları məlumdur.
"O, özünü çox soyuqqanlı aparırdı. Cinayətin sxemini də çox istedadla düşünmüşdü. Yaşadığı binanın müşahidə kamerasına düşməmək üçün hiylə də işlətmişdi. Törətdiyi cinayətin açılmayacağına o qədər əmin idi ki, Gülnarənin itkin düşməsini belə polisə özü xəbər vermişdi”. Bu sözləri isə Sankt-Peterburq şəhər Kirov rayonu Polis İdarəsinin rəis müavini Aleksandr Nesvit bildirib. Rəis müavini bir həftəlik həyat yoldaşını öldürən azərbaycanlı Samir Həbibovun cinayət əməlini şərh edib.
"İstintaqa verdiyi ilkin ifadədən məlum olub ki, Samir Gülnarəni telefon üstündə öldürüb. O, evdə olarkən Gülnara telefonu ”zaryadkaya" qoşmağı tapşırıb. Amma başı işə-gücə qarışan Gülnar bunu unudub. Dediyini eləyib-eləmədiyini soruşanda Gülnar telefonun enerjiyə qoşulu olduğunu bildirib. Bu vaxt Samir telefonun hələ də stolun üstündə olduğunu görüb. Gülnarı döyməyə başlayıb ki, mənə yalan danışırsan, adi şeylərdə yalan deyirsənsə, səndən hər şey gözləmək olar".
Aleksandr Nesvitin dediyinə görə, Samirin vurduğu zərbələrdən Gülnar yıxılıb. Başı yerə bərk dəydiyindən keçinib: "Bundan sonra Samir Gülnarın meyitini kisəyə qoyub, maşınının yük yerinə atıb. Böyük qardaşına zəng edərək evlərinə çağırıb. Qardaşına bildirib ki, evdə bir qədər köhnə inşaat materialları var. Onu yığmağa kömək eləsin, bağa aparacaqlar. Qardaşı heç nədən şübhələnməyib. Amma Gülnarı soruşub. Samir deyib ki, Gülnar xəstələnib, o biri otaqda yatır. Samir telefonunu da qəsdən evdə qoyub ki, onun gedəcəyi yeri sonradan müəyyənləşdirə bilməsinlər. Qız itəndən sonra onu dəfələrlə dindirmişdik. Hər dəfə də hönkürüb ağlayırdı. Gülnarın hansı paltarda evdən çıxdığını soruşduqda göy rəngdə kofta geydiyini bildirmişdi. Heç kəsdə şübhə yaratmamaq üçün həmin koftanı da yaxınlıqdakı parkda gizlətmişdi”.
Rəis müavininin dediyinə görə, Samir Gülnarın meyitini bağa gətirəndən sonra qardaşı məsələdən agah olub. Ağlamağa başlayıb, bu cinayəti niyə etdiyini soruşub. Samir qardaşını da təhqir edib.
Daha sonra Samir meyiti bağdan 18 km aralıda yerləşən meşəyə aparıb. Özü də velosipedlə...
Nevsitin dediyinə görə, Samir velosipedi yolda bir neçə dəfə aşırdıb da. Amma arıq bədən quruluşlu Gülnarın cəsədini çətinliklə də olsa, meşəyə aparıb çıxarıb.
O, meşədə dərinliyi bir metr olan yer hazırlayıb. Meyiti ora atıb üstünü torpaq və ağac yarpaqları ilə örtüb. Hətta qamış belə basdırıb ki, iz bilinməsin.
"Biz onu dəfələrlə dindirmişdik. Sonuncu dindirmə prosesinə psixofizioloqlar belə dəvət etmişdik ki, Samirin yalan danışıb-danışmadığını müəyyən etsinlər. Həmin mütəxəssis Samirin yalan dediyini bildirəndən sonra yenidən dindirməyə başladıq. Nəticədə o, hər şeyi boynuna aldı. Meyit tapılanda isə o, dəli kimi bağırmağa, ağlamağa başladı. Amma onun davranışları səmimi deyildi”.
Nevsitin dediyinə görə, Samir bir dəfə məhkum həyatı yaşayıb. 6 il həbsdə olub. O, illər öncə onunla sevgi həyatı yaşamış qızın ölümündə günahkar bilinirdi.
Gülnarla nişanlananda həbsdə olması barədə ona heç nə deməyib. Gülnarın ata və anasının isə bu barədə xəbəri olub. Amma qızlarını ona ərə getməyə təhrik ediblər. Samirin atasının Peterburqda imkanlı birinin olması da bu məsələdə önəmli rol oynayıb.
Amma məlumatlar bununla da bitmir. S.Həbibovun daha öncə qətlə yetirdiyi qadın Abramyan adlı erməni aktyorun nəvəsi olub. Qohumları azvision.az-a bildiriblər ki, S.Həbibov 2003-cü ildə erməni qızı qətlə yetirdiyi üçün həbs olunub: "Samir əvvəllər də cinayət törədib. O, Abramyan adlı bir erməni aktyorun nəvəsi ilə uzun müddət sevgili olub, 2003-cü ildə həmin qızı öldürüb. Samir erməni qızın meyitini maşında saxlayıb. Bu hadisənin üstü açılandan sonra Samiri həbs etdilər. O, 6 ildən sonra 2009-cü ildə azadlığa çıxdı. Samir həbsdən çıxandan sonra ailəsi bu hadisəni unutdurmaq üçün onu evləndirməyə qərar verdi. Gülnar Həbibova onunla ailə qurana kimi Samirin həbsdə olmasından, sevgilisini öldürməsindən xəbərsiz olub. Gülnarın ailəsi də bunu indiyədək bilmir. Samirin psixoloji problemləri olub. Normal insan günahsız yerə öz həyat yoldaşını niyə öldürsün ki?”
Qohumlarının bildirdiyinə görə, Gülnar qətl hadisəsi baş verməmişdən bir neçə gün öncə Samirin hazırda başqa bir erməni qızla münasibətdə olduğunu, hətta ondan uşağının olduğunu öyrənib. Bundan sonra onlar arasında dava baş verib.
"Samir Gülnarla ailə qursa da, həmin erməni qızla münasibətdə olub. O, Gülnarı Samirə qısqanırmış. Bunun üstündə onların evlərində dava düşüb. Bu zəmində Samir Gülnarı qətlə yetirib. Çox güman ki, Samir erməni sevgilisinin tapşırığı ilə Gülnarı öldürüb. Samirin ailəsi də yaxşı bilir ki, Gülnar erməni qıza görə öldürülüb”, - deyə Həbibovun qohumları bildirib.
S.Həbibovun Lənkəranda yaşayan əmisi Zakir Həbibovla əlaqə saxlayaraq hadisə ilə bağlı onun fikirlərini öyrənməyə çalışdıq. O, qətldə Samirin günahkar olduğunu dedi:
"Kim istəyərdi ki, belə bir hadisə olsun? Biz Gülnarın ölümünə görə çox pis olmuşuq. Onun heç bir günahı yox idi. Samir bilmirik nəyə görə belə addımı atıb. Bu hadisədən sonra utandığımızdan insanların üzünə baxa bilmirik”.
"Yeni Müsavat”ın Lənkərandan əldə etdiyi məlumatlarda isə qeyd olunur ki, mərhumun ailəsi də bu işlə bağlı vəkil tutacaq və qatilin azadlıqda qalmasına imkan verməyəcək. Hər nə qədər qətlə "ehtiyatsızlıq üzündən” donu geyindirilsə və qatilin "psixoloji problemlərinin olduğu” iddia edilsə də, bu, onun azadlığını təmin edə bilməyəcək.
Oxşar xəbərlər
7 günlük gəlinin qatili haqqında: "Meyit tapılanda dəli kimi bağırmağa başladı''
O, özünü çox soyuqqanlı aparırdı. Cinayətin sxemini də çox istedadla düşünmüşdü. Yaşadığı binanın müşahidə kamerasına düşməmək üçün hiylə də işlətmişdi. Törətdi...