Bakıda "Toyota Prado" və moped qaçıran şəxslər saxlanılıb - ANBAAN VİDEO

Bakıda Toyota Prado və moped qaçıran şəxslər saxlanılıb - ANBAAN VİDEO
Video
Hadisə 542

Binəqədi rayonunda “Toyota Prado” markalı avtomobil oğurlanıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Naməlum şəxs sürücünün avtomobili işlək vəziyyətdə qoyaraq nəqliyyat vasitəsini tərk etməsindən istifadə edərək maşını qaçırıb. Zərərçəkən vətəndaş ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinə (PB) müraciət edəndən dərhal sonra nəqliyyat vasitəsinin axtarışlarına başlanılıb.

Qısa zamanda görülən tədbir nəticəsində avtomobilin Yasamal rayonu ərazisində hərəkət etdiyi müəyyən edilib. Maşını qaçıran şəxs polis əməkdaşlarına tabe olmayaraq nəqliyyat vasitəsini dayandırmaq istəməsə də, 5-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində o, saxlanılıb. Polis Bölməsində araşdırma aparılan zaman avtomobili qaçıran şəxsin paytaxt sakini əvvəllər məhkum olunmuş Mirzəağa Zərbəliyev olduğu müəyyən edilib. O, ifadəsində nəqliyyat vasitəsini talamaq yox, sürmək məqsədi ilə qaçırdığını bildirib. Mirzağa Zərbəliyevin nəqliyyat vasitəsini qaçırması və idarə etməsi kameralar vasitəsi ilə qeydə alınıb.

Binəqədi RPİ 5-ci PB əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində isə paytaxt ərazisində yerləşən restoranlardan birində kuryerlik fəaliyyəti ilə məşğul olan bir nəfərin mopedini oğurlayan Xanlar Vəlişov və Seymur Sadıqov tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər qeyd edilən restorandan yaşadıqları evə yemək sifariş ediblər. Kuryer yeməyi mənzilə qaldıran zaman əvvəldən razılaşdırdıqları kimi dəstə üzvü olan Seymur Sadıqov mopedi idarə edərək hadisə yerindən yayınıb. Dəstə üzvləri saxlanılan zaman oğurladıqları moped də onlardan aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər barəsində 5-ci PB-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onların digər qanunsuz əməllərinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər