Bakıda kişi hamilə həyat yoldaşını bıçaqladı - TƏFƏRRÜATLAR - VİDEO

Bakıda baş verən cinayətin təfərrüatları məlum olub.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin 2019-cu il 13 avqust tarixində yaydığı məlumata əsasən, Sabunçu rayon polis idarəsi və 14-cü polis bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayın 11-də Maştağa qəsəbəsi, Daş karxanası yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə həyat yoldaşına bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Xəyal Məmmədov saxlanılıb.
İş üzrə dindirilmiş Xəyal Məmmədov bildirib ki, avqustun 9-da səhər yaşadıqları evdə həyat yoldaşı Günayla aralarında mübahisə yaranıb.
Bundan iki saat sonra sonuncu uşaqlarını da götürərək atası evinə gedib. Ayın 11-i saat 12:30-da Günayı gətirmək üçün qayınatasının evinə yollanan Xəyal Məmmədov həyat yoldaşından evlərinə qayıtmasını tələb edib. O, qayıtmaq istəmədiyini bildirdikdə tərəflər arasında mübahisə yaranıb.
Bu zamanı X.Məmmədov cibindən bıçağı çıxarıb və Günayın bədəninə xəsarətlər yetirib. Zərbələrin təsirindən sonuncu döşəmənin üzərinə yıxılıb. X.Məmmədov əlindəki bıçağı həmin evin həyətinə ataraq yaşadığı evə geri dönüb.
Ayın 12-də 14-cü polis bölməsinə gedərək təslim olan X.Məmmədov ifadəsində onu da qeyd edib ki, Günayın hamilə olduğunu bildiyi üçün onu öldürmək istəməyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Günel Məmmədova ifadəsində göstərib ki, yaralını atası xəstəxanaya çatdırıb.
Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək olub. Onu da qeyd edib ki, Xəyal Məmmədov həyat yoldaşının hamilə olduğundan xəbərdar olub. Noyabrın 5-i saat 5 radələrində Günay Məmmədova Təcili Tibbi Yardım avtomaşını ilə çox ağır vəziyyətdə xəstəxananın doğum şöbəsinə daxil olub və cərrahiyyə əməliyyatı icra edilib.
Aparılan intensiv reanimasion tibbi yardımlara baxmayaraq xəstənin ümumi vəziyyətində müsbət dinamika əldə olunmayıb və ayın 8-də o, vəfat edib.

Meyitin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünə bilavasitə “beyinə qansızma” səbəb olub. Bununla da 3 ay əvvəl aldığı xəsarətlərlə ölümü arasında əlaqə olmayıb.
Məhkəmə prosesində Xəyal Məmmədov ittiham üzrə qismən təqsirli bilinib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını bildirib.
Məhkəmə hesab edib ki, Xəyal Məmmədovun cinayət əməli istintaq orqanı tərəfindən CM-in 29,120.2.2-ci, 29,120.2.4-cü və 29,120.2.8-ci (xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla hamilə vəziyyətdə olan qadını qəsdən öldürməyə cəhd) maddələri ilə düzgün tövsif edilib və məhkəmə zamanı tam sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Məmmədov (1984-cü il təv.) 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
Oxşar xəbərlər
Maşının “baqaj”ından çılpaq qadın meyiti çıxdı - Bakıda dəhşətli cinayətin TƏFƏRRÜATLARI - VİDEO
Bakıda baş verən dəhşətli cinayətin təfərrüatları məlum olub. BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, 2018-ci il iyulun 15-i saat 22 radələrində yüksək sür...
