Maşının “baqaj”ından çılpaq qadın meyiti çıxdı - Bakıda dəhşətli cinayətin TƏFƏRRÜATLARI - VİDEO
Bakıda baş verən dəhşətli cinayətin təfərrüatları məlum olub.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, 2018-ci il iyulun 15-i saat 22 radələrində yüksək sürətlə hərəkət edən “Hundai” markalı avtomobil yolun kənarında dayanmış "Mercedes" avtomaşınına çırpılıb.
Sükan arxasından düşən sürücü hadisə yerindən qaçıb. Yol patrul xidmətinin əməkdaşları maşının yük həssində qana bulaşmış halda qadın meyiti və hələ də nəfəs alan kişini aşkarlayıblar. Hadisə yerinə Xəzər rayon Polis İdarəsi əməkdaşları və təcili tibbi yardım həkimləri cəlb olunub.
Hadisə yerinə baxış keçirilməsi haqqında 16 iyul 2018-ci il tarixli protokoldan məlum olub ki, Xəzər rayonu, Ruhulla Axundov küçəsi, 105 ünvanının qarşısında “Hyundai Santa-Fe” markalı avtomobilin yük yerində, əynində paltarlar olmayan qadın meyiti aşkar olunub.
Digər protokola əsasən, Arzu Şuşalı və Dilarə Əhmədovanın yaşadıqları Şüvəlan qəsəbəsi, Bağlar massivi, 525A nömrəli bağ evinin giriş hissəsində və hamam otağında qan ləkələri aşkar edilib.
Həmin gecə cinayəti törədən Bakı şəhər sakini İlqar Xancanov saxlanılıb.
Xəzər rayon Prokurorluğunda ilkin olaraq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Dilarə Əhmədovanın ölümünə bilavasitə sol yuxu arteriya və venasının kəsilməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub.
DİN-dən alınmış tələbnaməyə əsasən, İlqar Xancanov Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 aprel 2003-cü il tarixli hökmü ilə CM-in 181.2.2 və 181.2.5-ci (quldurluq, təkrar və silah qismində istifadə olunan əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum olunub.
2012-ci il dekabrın 25-də cəzasının sonu ilə əlaqədar azad olunub.
Ağır xəsarətlər alan Arzu Şuşalı həmin il oktyabrın 21-də Respublika Neyrocərrahiyə Xəstəxanasında vəfat edib.
Ayın 24-də keçirilmiş məhkəmə-tibbi ekspertizanın rəyində göstərilib ki, onun ölümünə komatoz vəziyyətdə beyin toxumasına geniş qansızma səbəb olub.
İstintaqla müəyyən edilib ki, İlqar Xancanov əvvəllər gözətçi kimi işlədiyi Şüvəlan qəsəbəsi, bağlar massivi, 525 nömrəli bağ evində yaşayan 1946-cı il təvəllüdlü Arzu Şuşalı və 1947-ci il təvəllüdlü Dilarə Əhmədovanın yaşlı olduqları üçün köməksiz vəziyyətlərindən və ona müqavimət göstərmək imkanına malik olmamalarından istifadə edib.
Sonuncuları öldürmək qərarına gəlib. İstintaqa məlum olmayan tarixdə və mənbədən əldə edib, üzərində gəzdirdiyi ov bıçağı ilə silahlanıb. İyulun 15-i saat 21 radələrində qanunla müəyyən edilmiş əsaslar olmadan orada yaşayanların iradəsinə zidd olaraq evin hasarından aşaraq həyətyanı sahəsinə qanunsuz daxil olub.
Həyətdən bel sapı götürərək еvə yaxınlaşıb və Arzu Şuşalının 2-ci mərtəbədən 1-ci mərtəbəyə düşməsini görüb, küt alətlə əvvəl baş nahiyyəsinə bir neçə dəfə zərbə endirib, onu huşsuz hala salıb. Ev sahibinin qışqırıq səsinə hamam otağından Dilarə Əhmədovanın çıxdığını və ərinə kömək etmək istədiyini görüb, yalvarışlarına məhəl qoymayaraq üstünə hücum edərək müstəsna dərəcədə qəddarlıqla, yumruq zərbələri ilə qadına dərəcələri təyin edilməyən xəsarətlər yetirib. Hamam otağında döşəməyə yıxıb, üzərinə çıxdıqdan sonra isə bıçaqla boğazının sol çənəaltı nahiyəsinə 2 zərbə endirib.
Bununla da Əhmədovanı qəsdən öldürüb. Daha sonra Arzu Şuşalının özünə gələrək yerdən durmaq istəməsini görüb. Bel sapı ilə onun baş və bədəninin digər nahiyələrinə ardıcıl zərbələr endirməklə sağlamlığına ağır dərəcəli zərərvurma əlamətlərinə malik olan xəsarətlər yetirib. Törətdiyi cinayəti gizlətmək üçün qadının cəsədini və hələ də nəfəs alan kişini həyətdə dayanmış "Hyundai" markalı avtomobilin yük bölməsinə yerləşdirib. Evə qayıdaraq qan ləkələrini yuyub, silib, yaşayış sahəsində axtarış apararaq Dilarə Əhmədovaya məxsus 200 manat, Arzu Şuşalıya məxsus 250 manat dəyərində markalı mobil telefonları, 526 manat və 10 dollar pulu götürüb.
Avtomaşını talama məqsədi olmadan ələ keçirib, idarə edərək Şüvəlan-Buzovna yolu ilə avtomobilin işıqlarını yandırmadan hərəkət edib. Yol hərəkət qaydalarını pozduğuna görə YPX inspektorlarının "saxla" tələbinə məhəl qoymayaraq avtomobili sürüb Buzovna qəsəbəsi ərazisinə daxil olub.
Ruhulla Axundov küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirib, maşını əvvəl səki qoruyucusuna, ardınca küçədə yolun kənarında dayanmış Elbəy Əlizadəyə məxsus “Mercedes" markalı maşına, daha sonra divara vurub. Avtomobili nasaz vəziyyətə saldığından, hərəkəti davam edə bilmədiyini görüb və salondan düşüb, hadisə yerindən qaçıb.
İş üzrə dindirilmiş İlqar Xancanov bildirib ki, 2015-ci ilin may ayınadək ailəsi ilə birlikdə Şüvəlan qəsəbəsində, adını xatırlamadığı bir qadına məxsus bağ evində müvəqqəti yaşayarkən qonşuluqda olan Arzu Şuşalı ilə tanış olub.
Arzunun həyətində alaq otları təmizləyəndə həmin şəxs ona həyətində gözətçi üçün nəzərdə tutulmuş bir otaq olmasını deyib və ona orada qalmasını təklif edib. İlqar razılaşıb və ailəsi ilə ora köçüb. Bağ evində Arzu Şuşalı arvadı Dilarə ilə, onların oğlu isə ailəsi ilə Bakıda yaşayıb. Orada qalmağına görə Arzu ondan pul almayıb, öz növbəsində ona da gözətçiliyə və bağbanlığa görə əmək haqqı verməyıb. Ara-sıra pula ehtiyacı olanda və ya azyaşlı oğlu xəstələnəndə ev sahibi onlara yardım edib.
Arzu və arvadı diş həkimləri olublar, qadın işləməsə də kişi həkim kimi çalışıb. Lakin hansı klinikada işlədiyini bilməyib. Hadisədən 1 il əvvəl Arzu onun arvadı Esmiranı çağırıb, evi yığışdırmasını tapışırıb, yoldaşı Şuşalının yaşadığı hissəni yığışdırmağa qalxıb.
Belə ki, Arzu ilə arvadı Dilarə ayrı yaşayıblar, kişi evin 2-ci, qadın isə 1-ci mərtəbəsində yaşayıblar. Arvadı təmizlik işləri üçün yuxarı qalxanda İlqar həyətdə azyaşlı oğlunun yanında qalıb. Bir qədər sonra uşaq ağlayıb və anasını istəyib.
Buna görə o, uşaqla 2-ci mərtəbəyə çıxıb. Ora çatanda görüb ki, Arzu onun arvadını qucaqlayıb. İlqar görən kimi onlar aralaşıb və bunu gülərək zarafata salıblar.
Bundan sonra o, qadını izləyib, lakin nə Arzunun, nə də Esmiranın səhv hərəkətini görməyib. 2018-ci ilin aprel ayında onunla yoldaşı arasında söz-söhbət olub. Arvadı onun evə az pul gətirməyindən və maddi cəhətdən təmin etmədiyinə görə mübahisə edib və atası evinə gedib.
Bunu bilən ev sahibi ona ailəsiz lazım olmadığını deyib və İlqarı da evdən çıxarıb. Xancanov müvəqqəti olaraq Şüvəlan ərazisində sahibini tanımadığı bağda qalıb.
Günlərin birində o, Arzu Şuşalı ilə yolda rastlaşanda sonuncu guya evindən onun pul götürdüyünü deyib. İlqar heç vaxt oğurluq etmədiyini bildirsə də ev sahibi ona inanmayıb və ünvanına söyüş söyüb.
Onu böyük kimi qəbul etdiyindən cavab qaytarmayıb. Telefonla danışanda arvadı da oğurluq olduğunu və onunla birdəfəlik ayrılacağını söyləyib. İyulun 15-i səhər saatlarında növbəti dəfə evin yaxınlığında Arzu yenə də onu təhqir edib və evindən 1500 manat pul oğurlamasını deyib. O, Şuşalının onu etmədiyi hərəkətə görə şərləməsindən bezib və axşam evinə gedib. Onunla söhbət etməyi qərarlaşdırıb. Saat 21 radələrində ora yollanıb, həyət qapısının bağlı olmasını görüb, hasardan həyətə keçib. Daha sonra yuxarıda qeyd edilən cinayəti törədib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Anar Şuşalı ifadəsində göstərib ki, atası təqaüdçü olsa da, peşəsi üzrə özəl klinikaların birində stomatoloq işləyib. İyulun 15-i axşam saatlarında mobil telefonuna zəng edən şəxs hadisə barədə ona məlumat verib və atasının yaşadığı bağ evinə gəlməsini deyib. Ora gələndə evdəki əşyaların dağıldığının şahidi olub. Sonra anasının əvvəllər gözətçilik edən İlqar Xancanov tərəfindən amansızlıqla öldürüldüyünü bilib. Müalicə aparılmasına baxmayaraq, oktyabr ayında atası da aldığı xəsarətlərdən vəfat edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Xancanov (1968-ci il təv.) ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Qalereya
Oxşar xəbərlər
Gəlin qayınanasını çəkic zərbələri ilə qətlə yetirdi - VİDEO
2019-cu il sentyabrın 18-də Xətai rayonunda 70 yaşlı Valentina Qreçneva yaşadığı mənzildə naməlum şəxs tərəfindən qətlə yetirilib. BAKU.WS BAKU.TV-yə istinadən...