Bakıda dəhşətli hadisə: Arvadını polis şöbəsinin yanında görüb çöllüyə apardı və...

Bakıda dəhşətli hadisə: Arvadını polis şöbəsinin yanında görüb çöllüyə apardı və...
Hadisə 1937

Bakının Sabunçu rayonunda 1979-cu il təvəllüdlü Arif mübahisə zəminində arvadı Cəmiləni (adlar şərti verilib - red.) qətlə yetirib.

BAKU.WS teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il iyunun 6-da rayonun Zabrat qəsəbəsi ərazisində baş verib. Həmin qəsəbənin ərazisində Cəmilə əri Arif tərəfindən qətlə yetirilib.

İstintaq müəyyən edib ki, onların evliliyi hər ikisində də ikinci nikah olub. Amma qısa müddət sonra boşanıblar.

Cinayət işinin materiallarında göstərilib ki, hadisə baş verən gün Arif Cəmilənin "BMW" markalı maşına minərək getdiyini görüb. Onu izləməyə çalışsa da, bir qədər sonra gözündən yayınıb.

Bundan sonra o, keçmiş həyat yoldaşını öldürmək qərarına gəlib. Bu məqsədlə Zabrat qəsəbəsində onun yaşadığı evə gedib, Cəmiləni məsələləri aydınlaşdırmaq adıyla çöllük əraziyə aparıb. Orada bıçaqla boğazından vuraraq qadını öldürüb.

"Münasibət qurmuşam"

İstintaq orqanı tərəfindən Arifin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Arif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2018-ci ildə qeyri-rəsmi münasibətdə olduğu Cəmilə ilə taksi fəaliyyəti ilə məşğul olduğu zaman tanış olub:

"O zaman Cəmilə icra nümayəndəliyində işləyib. Cəmilənin bir neçə dəfə taksi sürücüsü kimi evinə və digər ünvanlara aparmışam. Bundan sonra Cəmilənin təşəbbüsü ilə onunla münasibət qurmuşam. Dostluq münasibətlərimiz sonra daha da yaxın münasibətə keçib".

"Münaqişələrimiz qısqanclıq zəminində olub"

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2018-ci ildən etibarən mütəmadi olaraq Cəmilə ilə müxtəlif otellərdə görüşüb:

"2020-ci ildən etibarən Cəmilənin yaşadığı evində onun birinci nikahından olan qızı ilə birlikdə ailə kimi yaşamışıq. 2020-ci ilin dekabrında Cəmilə ilə rəsmi nikah bağlasam da, bir müddətdən sonra ailə münaqişələrimiz səbəbindən 2021-ci ilin fevralında birlikdə Sabunçu rayon qeydiyyat şöbəsinə müraciət edərək rəsmi qaydada ayrıldıq. Ayrılmağımıza baxmayaraq Cəmilə ilə yenidən barışdım və qeyri-rəsmi olaraq ər-arvad münasibətlərində yaşamağa davam etdik. Cəmilənin ailə üzvləri ilə də tanış oldum. Ailələrimiz arasında heç vaxt ədavət, inciklik olmayıb. Cəmilə ilə birgə yaşadığım dövrdə hər bir ailədə olduğu kimi aramızda arabir söz-söhbət olub. Lakin sonradan münasibətlərimiz qaydasına düşüb. Ailə münaqişələrimiz əsasən qısqanclıq zəmində baş verən söz-söhbətlər zamanı olub".

"Hər dəfə məni aldadıb"

Arifin ifadəsinə görə, 2018-ci ildən etibarən Cəmilə müxtəlif zamanlarda ona xəyanət etdiyi üçün onunla mübahisə edib:

"Hansı səbəbə görə mənə xəyanət etdiyini soruşmuşam. Cəmilə hər dəfə yalanlarla məni aldadıb və həmin şəxslərlə heç bir münasibətdə olmadığını bildirib. Xəyanət etdiyi şəxslərdən bir neçəsinin adını bilsəm də onları heç bir zaman görməmişəm. Hadisədən 10 gün əvvəl Cəmilə ilə məişət zəminində olan mübahisə səbəbindən onunla birgə yaşadığımız evdən çıxdım və anamgilin evinə getdim. Buna baxmayaraq, Cəmiləni hər səhər evdən çıxaraq işə gedərkən və işdən evə qayıdarkən Zabrat qəsəbəsi, dövlət yol polis şöbəsinin yanında yerləşən dayanacaqda görmüşəm".

"Evdə olmadığına əmin oldum"

Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 6-da, axşam saat 22 radələrində Zabrat qəsəbəsi, dövlət yol polis şöbəsinə tərəf gələrkən Cəmilənin "BMW" markalı minik avtomobilinə mindiyini görüb:

"Cəmilənin xəyanət etdiyini düşündüm. Həmin maşını izləməyə başladım. Təxminən bir neçə dəqiqə maşını təqib etdikdən sonra onun izini Zabrat şosesində yerləşən "Ayxan" ticarət mərkəzinin qarşısında olan işıqforun yaxınlığında itirdim. Bundan sonra Cəmilənin yaşadığı evə getdim. Çöldən işıqların yanmadığını gördüm. Təzədən Sabunçu rayon dövlət yol polis şöbəsinin yaxınlığına tərəf gəldim. Orada taksi sürücüsü kimi tanıdığım Azər adlı tanışımdan Cəmiləni görüb-görməməsi ilə maraqlandım. Azər Cəmilənin "BMW" markalı avtomobilə əyləşdiyini bildirdi. Bunu eşidəndən sonra şübhələrimin dəqiq çıxdığını fikirləşdim. Yenidən yaşadığım ünvana getdim. Cəmilənin evdə olmadığına bir daha əmin oldum".

"Harada olması ilə maraqlandım"

Arifin bildirdiyinə görə, bundan sonra Azər adlı taksi sürücü olan tanışına zəng edib və dəqiq Cəmiləni görüb-görmədiyini soruşub:

"Azər əminliklə Cəmilənin "BMW" markalı minik avtomobilinə əyləşdiyini təkrar söylədi. Cəmiləyə zəng etsəm də, telefonu sönülü olduğundan ona zəng çatmadı. Sonra Cəmilənin qızına bir neçə dəfə zəng etdim. Əvvəlcə zəngimə cavab verməsələr də, sonradan cavab verən Cəmilədən harada olması ilə maraqlandım. Cəmilə evdə olduğunu bildirəndən sonra ona dedim ki, həyətə çıx. Mən də yaşadığı ünvana getdim.

Yolda olarkən hər ehtimala qarşı həqiqətən də Cəmilənin "BMW" markalı minik avtomobilinə əyləşdiyini dəqiqləşdirməkdən ötrü taksi fəaliyyəti ilə məşğul olan digər tanışım Eyvaza zəng etdim. Eyvazla telefon əlaqəsi zamanı ondan harada olması ilə maraqlandım. O isə ailəsi ilə birlikdə bağa getdiyini bildirdi. Cəmiləgilin yaşadığı evə çatdım və ondan evinin həyətində "BMW" markalı minik avtomobilinin kimə məxsus olmasını soruşdum.

Cəmilə mənə aqressiv formada "sənə nə var" deyə cavab verdi. Bir neçə dəfə ona bu sualı versəm də, Cəmilə eyni qaydada mənə cavab verdi. Cəmilənin mənimlə bu formada danışmasına bərk əsəbiləşdim. Mübahisəmiz böyüdü və ətrafda olan qonşuları narahat edəcəyimizi gördüm. Cəmiləyə mənə məxsus "Mercedes Benz E240" markalı avtomobilimə əyləşməsini və mübahisəmizi sakit bir yerdə davam etdirməyi bildirdim. Birlikdə boş torpaq sahəsinə getdik. Həyətə daxil olandan sonra Cəmilədən yenidən onun əyləşdiyi "BMW" markalı minik avtomobilinin kimə məxsus olmasını soruşdum. Cəmilə də həmin şəxsin onun xalası oğlu olduğunu dedi. Cəmilədən xalası oğluna zəng etməsini tələb etdim. Cəmilə zəng etdi, yanımda həmin şəxslə danışdı".

"Xəyanət etmişəm, zor eləmişəm"

Təqsirləndirilən şəxs qeyd edib ki, telefon danışığı zamanı Cəmilə həmin şəxsdən "BMW" markalı minik avtomobilinin ona məxsus olub-olmadığını, "BMW" markalı minik avtomobili ilə aparıb-aparmadığını soruşub:

"Bu zaman qarşı tərəf Cəmilənin dediklərini təsdiqlədi. Buna inanmadığımı dedim. Bu zaman telefon əlaqəsini sonlandırdı və aqressiv formada mənə "yaxşı eləmişəm, xəyanət etmişəm, zor eləmişəm, elə bundan sonra da eləyəcəm, sən mənim üçün heç kimsən" deyərək cavab verdi. Cəmilənin bu sözlərini eşidəndən sonra bərk əsəbiləşdim. Bıçağı çıxararaq Cəmiləyə nümayiş etdirdim və "məni o həddə çatdırma" deyərək hədələdim. Buna cavab olaraq Cəmilə mənə nəlayiq formada "sənin ... çatmaz məni vurmağa, ... çatırdısa, əvvəldən vurardın" deyərək aqressiv formada cavab verdi. Cəmilənin bu sözlərindən sonra bərk əsəbiləşdim. Cəmilənin boğazından sol əlim ilə tutdum və sağ əlimdə olan bıçaqla birinci dəfə boyun nahiyəsindən zərbə vurdum. Bu zərbədən sonra Cəmilə özünü müdafiə etməkdən ötrü əlləri ilə qarşımı almaq istədi. Buna baxmayaraq, Cəmiləyə bir dəfə də hazırda xatırlamadığım nahiyəsinə bıçaq xəsarəti yetirdim".

"Polisə təslim oldum"

Arif qeyd edib ki, həmin zaman Cəmilə özünü əlləri ilə müdafiə etdiyi səbəbindən onun barmaqları iç tərəfdən bir necə yerdə kəsilib: "Cəmiləyə xəsarətləri yetirdikdən sonra çömələrək yerə yıxıldı. Yerə yıxılandan sonra Cəmilə dedi ki, ay Arif, sən neylədin. Ona kömək etməyimi, bundan sonra bir daha belə səhv etməyəcəyini söylədi. Cəmilənin bu sözlərindən sonra ona xəsarət yetirdiyim bıçağı onun yanına tulladım. Dərhal qardaşıma zəng edərək Zabrat qəsəbəsində yerləşən məscidin yanında məni gözləməsini dedim. Qardaşımla görüşəndə hadisəni ona danışdım və qardaşımdan məni Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə aparmasını xahiş etdim. Bölməyə daxil olandan sonra orada olan polis əməkdaşına baş vermiş hadisəni danışdım, könüllü təslim oldum".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Arif 10 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər