Azərbaycanın “Barak-8” zenit-raket kompleksi – “Dəmir Qübbə”nin əsası

Azərbaycanın “Barak-8” zenit-raket kompleksi – “Dəmir Qübbə”nin əsası
Hadisə 3003

Azərbaycan Silahlı Qüvvələrinin 5 il əvvəl sifariş verdiyi "İldırım”, başqa sözlə orijinal adı "Barak-8” olan uzun mənzilli zenit-raket kompleksləri nəhayət bu gün nümayiş olundu. Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının silahlanmasına daxil olan "Barak-8” ZRK-lərlə atışın video görüntülərini yaymaqla bu ZRK-lərin döyüş növbətçiliyinə daxil olduğunu təsdiqlədi.

Bu gün Azərbaycanın hava hücumundan müdafiəsi demək olar ki pilləli şəkildə müasir HHM sistemləri hesabına tam bağlanır. HHQ-nin silahlanmasına uzun mənzilli S-300 PMU-2 "Favorit” (Rusiya), "Buk-MB” (Belarus), orta mənzilli S-125 "Peçora TM-2” (sovet istehsalı/modernizə edilmiş), "Osa-AKM” (sovet istehsalı/modernizə edilmiş), "Spider” (İsrail), qısa mənzilli "Kruq”, "Strela” və digər ZRK-lər daxildir. Son illərdə HHM-nin gücləndirilməsi və yeni ZRK-lər və radiolokasiya stansiyaları ilə təchiz edilməsi istiqamətində bir sıra qərb ölkələri ilə danışıqlar aparılmış, bu kontekstdə İsraildən yeni radarlar və haqqında söhbət açdığımız "Barak-8” ZRK-lər satın alınmışdır. SİPRİ mərkəzinin məlumatına görə, Azərbaycan İsraildən bir divizion "Barak-8” ZRK (9 buraxıcı qurğu) əldə edib.

HHQ-nin komandanı, general-leytenant Ramiz Tahirov 2016-cı ilin fevral ayında "Azeri Defence” jurnalına müsahibəsində qərb standartlarına uyğun istehsal edilmiş "Barak-8” ZRK-lərin Azərbaycanın HHM sisteminə kommutasiyası ilə bağlı problemin olmadığını qeyd etmişdi.

Bu günkü məlumatı kənardan hansısa yeni zenit-raket kompleksinin satın alınması kimi düşünmək məncə düzgün olmazdı. Burada xüsusilə bir məqamı vurğulamaq lazımdır ki, adıçəkilən ZRK iki aydır mediada müzakirə olunan – Azərbaycanın satın almaq istədiyi "Dəmiz Qübbə” (İron Dome) kompleksinin əsas elementidir. Onu da qeyd edək ki, İsrail versiyasında "Dəmir Qübbə” əsasən 122 və 155 mm-lik "yer-yer” tipli raketlərə qarşı tətbiq edildiyi halda, Azərbaycanın əldə edəcəyi sistem bunun əksinə – hava hücumundan müdafiə üçün nəzərdə tutulur. Yəni düşmənin "Qrad” və bu tip raketlərinə qarşı deyil, operativ-taktiki raketlərinə və hava vasitələrinə qarşı.

İvrit dilində "ildırım” mənasını verən "Barak” ZRK İsrailin "Rafael” şirkəti tərəfindən istehsal edilir. ZRK "Barak-1” xəttinin davamı olaraq hazırlanıb, yer və dəniz platformaları üçün iki versiyası mövcuddur. ZRK-nin yaradılmasını İsrail və Hindistan birgə həyata keçirib və ilk xarici istifadəçisi də məhz Hindistandır.

"Barak-8” ZRK-nin atış mənzili 90 km, "Barak-8ER” konfiqurasiyasınınkı isə 150 kilometrə yaxın, hədəfi məhv etmə yüksəkliyi isə 16 000 metrə yaxındır. Raketin uzunluğu 4.5 metr, diametri 0.225 m, ümumi ağırlığı 275 kq, döyüş başlığı 60 kq təşkil edir. Yüksək manevr qabiliyyətinə malik "Barak 8” iki pilləli raket mühərrikinə sahibdir və şaquli atışla buraxılır. Raket aktiv arayıcı başlıq (RF/infraqırmızı) sayəsində  hədəfə yönəlir və sürəti 2 maxdır (680 metr/saniyə).

Zenit-raket kompleksinin istehsalçısı İsrailin "Rafael” şirkəti olsa da, kompleksin nəzarət-müşahidə radarı İsrailin əsas dövlət hərbi sənaye müəssisəsi olan "Israel Aerospace Industries (IAI)” holdinqinə daxil olan "Elta Systems” (radarları istehsal edir) tərəfindən istehsal olunur. Bəzi sifarişlərdə kompleksə "Elta Systems” şirkətinin istehsalı olan EL/M-2080 "Gren Pine” radarı daxil edilib.

"Barak-8” ZRK gəmi əleyhinə raketlərə, supersonik raketlərə, ballistik raketlərə, təyyarə, helikopter, PUA kimi hava təhdidlərinə qarşı nəzərdə tutulur.

azeridefence

Son xəbərlər