Azərbaycanlı "qanuni oğru"lar niyə Türkiyədə öldürülür? - SƏBƏBLƏR

Azərbaycanlı qanuni oğrular niyə Türkiyədə öldürülür? - SƏBƏBLƏR
Hadisə 16061

Xəbər verdiyimiz kimi, azərbaycanlı "qanuni oğru" Nadir Səlifov Türkiyənin Antalya şəhərində qətlə yetirilib.

BAKU.WS xəbər verir ki, o, son 7 il ərzində Türkiyədə sui-qəsd nəticəsində qətlə yetirilən üçüncü azərbaycanlı "qanuni oğru"dur.

Bundan 7 il öncə kriminal aləmdə "Qoca Yasamalski" kimi tanınan Əlibala Həmidov Türkiyədə qətlə yetirilib. 18 avqust 2013-cü ildə altı nəfər maskalı silahlı şəxs İstanbulun Baxçaşəhər səmtindəki yaşayış binasının ərazisinə daxil olaraq bir neçə atəşlə Həmidovu və onun 29 yaşlı rəfiqəsi, Rusiya vətəndaşı Asiyət Alaşovanı ağır yaralayıb. Həmin hadisədən 3 il sonra, yəni 2016-cı ildə isə məşhur "qanuni oğru", kriminal aləmdə Rövşən Lənkəranski kimi tanınan Rövşən Canıyev İstanbulun Beşiktaş rayonunda uğradığı sui-qəsd nəticəsində öldürülüb.

Azərbaycanlı "qanuni oğru"ların müxtəlif illərdə avqust ayının 18-20-si aralığında öldürülməsi nədən xəbər verir? Azərbaycanlı avtoritetlərin ümumiyyələ Türkiyədə öldürülməsinin səbəbləri nə ola bilər? Bu suallara cavab tapmaq üçün kriminalist İlqar Altaya müraciət etdik. Ekspert BAKU.WS-ə bildirdi ki, "qanuni oğru"ların 18-20 avqust aralığında müxtəlif illərdə öldürülmələri təsadüf ola bilər. Yəni məhz bu ay və bu günlərin öldürülmək üçün seçilməsi, güman etmirəm ki, qəsdən seçilib. Çünki "qanuni oğru"nu öldürmək elə də asan məsələ deyil. Onların öldürülməsini planlaşdırmaq özü böyük bir çətinlikdir.

"Qanuni oğru"ların qətlində əsas məsələ budur ki, onlar nə üçün Türkiyədə öldürülürlər? Bizim "qanuni oğru"lar həmişə Rusiyada olublar. Onlar Rusiyada yaşayır və inkişaf edirlər. Avtoritetlərin təsir sferaları əsasən Rusiya ərazisində olurdu. Lakin son illər bizim kriminal avoritetlər nədənsə Türkiyədə yığışırlar. Bu da onu göstərir ki, Rusiya ilə bizim "qanuni oğru"ların münasibətləri heç də yaxşı olmayıb. Bura həm Rusiyadakı digər "qanuni oğru"ları, həm də ölkənin Xüsusi Xidmət orqanlarını misal göstərmək olar.

Əslində "qanuni oğru"lar üçün ideal yerlərdən biri elə Rusiyadır. Çünki kriminal aləm bu ölkədədir. Amma Türkiyədə bu məsələlərə sərt münasibət var. Türkiyə hüquq-mühafizə orqanlarında belə güzəştlər olmur. Görünən budur ki, avtoritetlər özləri belə istəmədən Türkiyəyə yerləşirlər.

Səbəblər barədə danışsaq, deyə bilərik ki, Rusiya tərəfi bəzi avtoritetləri öz ərazisindən vurub çıxarır. Eyni zamanda "qanuni oğru"ların bir-birilə yola getməmək məsələsi də var. Kriminal avtoritetlər zatən çox yaşamırlar. Onların arasında gizli müharibə gedir. Bu müharibələr üzə o vaxt çıxır ki, tərəflər bir-birinə güllə atır, qan tökürlər.

Deyilənə görə, Rövşən Lənkəranskini guya "Lotu Quli" öldürmüşdü. "Lotu Quli"nin özünü də digər azərbaycanlı qətlə yetirdi. Buna o dərəcə inanmaq olmaz. Mümkündür ki, bir-birini öldürə bilərlər. Lakin Lənkəranskini "Lotu Quli"nin öldürməsi tam dəqiqləşdirilməyib. Mən son qətlə də şübhə ilə yanaşıram. Fikrimcə, son qətldə də Rusiyadan olan avtoritetlərin əlinin olması istisna deyil.

Əgər doğrudan da "Lotu Quli"nin Rusiya bazarlarında çalışan azərbaycanlı iş adamlarına köməkliyi və dəstəyi olubsa, "qanuni oğru"nun ölümündən sonra müəyyən çətinliklər yarana bilər. Rusiya bazarında çalışan bəzi biznesmenlərin sıxışdırılması cəhdləri olacaq. Ona görə bizim insanlarımız və diasporamız buna hazır olmalıdır.

Düşünürəm ki, Rövşən Lənkəranski və "Lotu Quli"ni əvəzləyəcək şəxs güclü şəxsiyyət olmalıdır. Əgər bu şəxsləri əvəz edəcək avtoritet Türkiyədə məskunlaşacaqsa, deməli, o da rusiyalı avtoritetlərlə ciddi problemlər yaşayacaq.

Son xəbərlər