VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
ABŞ Ədliyyə Nazirliyi İran əsilli azərbaycanlı milyader, martın 19-da Florida ştatının kurort şəhəri Mayamidə həbs olunan Rza Zərraba qarşı irəli sürülmüş rəsmi ittihamın tam mətnini və ittihama əlavə edilmiş dəlilləri ictimaiyyətə açıqlayıb.
 
Virtualaz.org ABŞ və Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 33 yaşlı Rza Zərrab və onunla birlikdə həbs olunan İran vətəndaşları, 29 yaşlı Kamelya Cəmşidi və 65 yaşlı Hüseyn Nəcəfzadəyə (Mellat Exchange şirkətinin rəhbəri) qarşı irəli sürülmüş ittiham aktına əsasən sübhəlilər İrana qarşı tətbiq edilmiş sanksiyaları neytrallaşdırmaq üçün irimiqyaslı saxtakarlıq, qeyri-leqal pulların transferi və ABŞ banklarına qarşı dələduzluq da daxil olmaqla sistemli fəaliyyət həyata keçiriblər.

Rza Zərrab və ortaqlarına qarşı dörd əsas ittiham irəli sürülüb: ABŞ-a qarşı dələduzluq və saxtakarlıq, Beynəlxalq Təxirəsalınmaz İqtisadi Qüvvə Qanununu (Emergency Economic Powers Act) pozmaq, bank sisteminə qarşı saxtakarlıq, qeyri-leqal pulların transferi və leqallaşdırılması.

İttiham aktına əsasən Rza Zərrab Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş çoxsaylı şirkətlərin sahibi və rəhbəri kimi təsbit olunur. Bunların arasında Türkiyədə qeydiyyatdan keçmiş "Royal Holding”, "Durak Döviz Exchange” kimi şirkətlər də var. Rza Zərrab bu şirkətlər üzərindən İranın sanksiyalar tətbiq edilmiş şirkətləri və bankları ilə əlaqələr qurub, İrana aid pulların öz şirkətləri üzərindən transferini həyata keçirib və bu zaman saxta bank əməliyyatlarından istifadə edib. 

 

İttiham aktına əlavə edilmiş dəlillər arasında Rza Zərrabın elektron poçt yazışmaları da var. Həmin elektron yazışmalarda Rza Zərrabın İrana aid pulların müxtəlif şirkətlər üzərindən necə transfer edildiyinə dair faktlar əksini tapıb.

2011-ci il mayın 24-də "Mellat Exchange” şirkətindən adı göstərilməyən səlahiyyətli şəxsin Rza Zərraba göndərdiyi, "Çox təcili!!!” başlıqlı məktubda göstərilir ki, ABŞ Maliyyə Nazirliyi sanksiyalarla bağlı Amerika banklarından birinin 3 milyon 711 min avroluq pul transferini dayandırdığı göstərilir.

2011-ci il dekabrın 3-də Rza Zərrabın imzalaması üçün nəzərdə tutulan, onun və Hüseyn Nəcəfzadənin poçtuna göndərilmiş, İran Mərkəzi Bankının direktoruna xitabən fars dilində yazılmış məktub da ittiham aktına əlavə edilib. 
 

 

Bu məktubda İranda sanksiyalara qarşı elan edilən "iqtisadi cihad”a istinad edilir və Zərrab ailəsinin sanksiyaları neytrallaşdırmaq üçün gördüyü hazırlıqlardan bəhs olunur. Həmin məktubda deyilir ki, Zərrab ailəsi İrana qarşı sanksiyaları neytrallaşdırmaq üçün Azərbaycan da daxil olmaqla bəzi ölkələrdə şirkətlər açıb.

Sitat:"Böyük Liderimiz Ayətullah Xamneyinin və Mərkəzi Bankın hörmətli rəhbərlərinin sanksiyalar qarşısında oynadığı rol, sanksiyaları təsirsiz hala gətirib, hətta onları özəl metodların istifadə edilməsi sayəsində əlverişli fürsətə çevirib. Əsas fəaliyyətin sanksiyaların artırılmasına və sərtləşdirilməsinə yönəldiyi sirr deyil və İran İslam İnqilabının müdrik liderinin bu il İqtisadi Cihad ili olacağını elan etməsindən bəri, valyuta məsələsində yarım əsrlik təcrübəyə malik Zərrab ailəsi Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, Rusiyada və Azərbaycanda şöbələr açıb, maliyyə və valyuta sanksiyalarına qarşı siyasətin həyata keçirilməsi üçün hər cür əməkdaşlığa hazır olduğumuzu milli və əxlaqi vəzifəmiz olaraq bildiririk...”
 

  

ABŞ həbsxanasında Rza Zərrabın saxlanıldığı kamera

Rza Zərraba qarşı ittihamı elan edən Nyu York federal prokuroru Prit Bharara Twitter bloqunda yazıb ki, şübhəlilər Mayami həbsxanasından Nyu Yorka transfer ediləcək və Manhetten məhkəməsi qarşısında cavab verəcək. ABŞ Ədliyyə Nazirliyinin rəsmisi isə deyib ki, Rza Zərrab iki həftə sonra Mayamidə yenidən məhkəmə qarşısına çıxarılacaq. Bu zaman onun cinayət dosyesi ilə birlikdə Nyu Yorka transfer edilməsi məsələsinə baxılacaq.

Bildirilir ki, Rza Zərrab özünü müdafiə etmək üçün vəkillər ordusu tutub. Onu ilk məhkəmə prosesində məşhur hüquq şirkəti "Baker&McKenzie”nin Mayami ofisindəki ortağı Li Stapleton müdafiə edib. Lakin Rza Zərrabın girov müqabilində azadlığa buraxılması barədə vəsadət təmin olunmayıb. Vəkil Stapleton Rza Zərrabın nədən Mayamiyə gəldiyi haqda jurnalistlərin suallarına cavab verməyib.
 
BAKU.WS