VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Martın 19-da axşam saat 7 radələrində Dilarə Əliyeva küçəsindəki birtərəfli hərəkət yoluna dönmək istəyən «Hyundai» markalı avtomobilin sürücüsü yolun əks istiqamətində üzərinə şütüyən «Toyota Land Gruiser» markalı, 90-RN-081 dövlət nömrə nişanlı avtomobilin sürücüsü və onun yanındakı idmançı cüssəli şəxsin hücumuna məruz qalıb.
 
BAKU.WS xəbər verir ki, adının çəkilməsini istəməyən sürücünün Avtosfer.az-a göndərdiyi videodan da göründüyü kimi, «Toyota»nın sürücüsü yolun əksinə hərəkət etdiyini bilə-bilə öz yolu ilə gedən sürücüyə hədə-qorxu gəlir və ondan geri çəkilərək yol verməsini tələb edir. Bu azmış kimi, maşından düşüb ona mədəni qaydada irad tutan sürücüyə hücum çəkərək onu söyüb təhqir edir. «Toyota»da olan digər idmançı cüssəli sərnişin də maşından düşsə də, o, sakit davranır və sürücüdən yol verməsini istəyir. Sürücü onlara yol verdikdən sonra isə «Toyota»nın sürücüsündən «sağ ol» gözlədiyi halda, həmin şəxs onu yenidən söyməyə başlayır. Sürücü ona «çıx get» dedikdə isə «qoçu»nun xətrinə dəyir və yenidən maşından düşərək sürücüyə hücum çəkir. Bu dəfə o sürücünün yaxasından tutaraq qapını çırpır və vurmaq istəyir. Lakin ətrafdakı insanlar və idmançının yanındakı şəxs onları sakitləşdirir.
Zərərçəkən Avtosfer.az-a müraciətində bunları yazıb və bildirir ki, hüquq-mühafizə orqanlarının bununla bağlı tədbir görəcəyinə ümid edir: «Bununla həmin sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsini "Birtərəfli hərəkət yollarında hərəkət istiqamətinin əksinə hərəkət etdiyinə görə" 100 AZN məbləğində və 4 balla cərimələnməli və eyni zamanda Cinayət Məcəlləsinin 148-ci (şərəf və ləyaqətin təhqir edilməsi) maddəsi ilə 300 manatdan 1000 manata qədər cərimələnməli və ya 240 saata qədər ictimai işlər və ya bir ilədək islah işləri və ya 6 aya qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılmalıdır. Baş vermiş hadisənin videoyazısını sizə təqdim edirik və aidiyyəti qurumları belə özbaşınalıq hallarının qarşısını almağa çağırırıq».
 
P.S. Videoda işlədilən qeyri-etik ifadələrə görə oxuculardan üzr istəyirik. Videonu ona görə olduğu kimi təqdim edirik ki, cəmiyyətdə özünü apara bilməyənlər ibrət dərsi götürsün və kənardan baxanda belə hərəkətlərin nə qədər iyrənc göründüyünü görsünlər.
 
BAKU.WS
 
= ]