SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Bakıda gənc oğlan yol qəzasında dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb.

Belə ki, “Domino's pizza”da kuryer işləyən Ülvi adlı gənc oğlan motosikleti ilə qəzaya düşüb. O, aldığı xəsarətdən vəfat edib.

Sosial şəbəkələrdə qeyd edilir ki, gəncin yaxınlarının sözlərinə görə, o, restoranın qoyduğu tələblərə görə həyatını itirib. Belə ki, rəhbərliyin tapşırığına görə, hər sifarişi 30 dəqiqədən gec olmayaraq ünvana çatdırmaq lazımdır.

Sifariş gecikdiyi zaman həmin kuryerin maaşından cərimə tutulur.

Dünyasını dəyişən gəncin ölümünə səbəb də məhz sifarişi tez çatdırmaq üçün motosikleti sürətlə sürməsi olub.

Baş verən qəzadan sonra sosial şəbəkələrdə “Domino's pizza”nın kampaniyasına etirazlar başlayıb. Sosial şəbəkə istifadəçiləri "30 dəqiqəyə çatmasa, ödəniş etməyin" kampaniyasına etiraz ediblər.

Bildirilir ki, belə kampaniyalar olduqca qəzalar çoxalacaq.

Məsələ ilə bağlı “Domino's pizza” rəhbərliyilə əlaqə saxladıq. Şirkətdən bildirdilər ki, yaxın saatlarda hadisə ilə bağlı rəsmi açıqlama veriləcək.

Hadisə ilə bağlı “Domino's Pizza”dan “Qafqazinfo”ya bildirilib ki, qəzada həyatını itirən Ülvi Məmmədov uzun müddət şirkətdə çalışıb.

Qeyd edilib ki, hadisənin başvermə səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır:

“Dəqiq rəy bilindikdən sonra hadisənin başvermə səbəbləri haqqında ictimaiyyətə məlumat veriləcək. Domino's Pizza üçün istər qlobalda, istərsə də lokalda ən vacib məqam hər şeydən əvvəl həm restoran daxili, həm də çatdırma zamanı təhlükəsizlikdir.

Təhlükəsizliklə əlaqəli mütəmadi olaraq əməkdaşlarımıza müxtəlif təlimlər keçirilir və əməkdaşlarımız təlimatlandırılırlar.

Domino's Pizzada çalışan hər bir kəsin əməyinin təhlükəsizliyi qaydalarına tam əməl olunur və buna xüsusi önəm veririk.

Sosial mediada əsasən bu qəzanı “30 dəqiqə çatdırma kampaniyası” ilə əlaqəli baş verdiyini vurğulayırlar.

İlk olaraq vurğulamaq istərdik ki, kampaniya başlamazdan əvvəl bütün müştərilərimizə məlumat vermişdik ki, bu kampaniya istənilən pis hava şəraitində keçərli deyil və pis hava şəraiti müşahidə olunan zaman kuryerlərimizə asta və təhlükəsiz sürməklə bağlı ciddi təlimatlandırma aparırıq.

2-ci, sosial mediada müzakirə edilən məqam, gecikmə olan zaman müştəriyə verilən hədiyyə pizzanın ödənişinin işçilərimizdən alınması haqqında olan mənbəyi bəlli olmayan səhv məlumatdır.

Qeyd edək ki, bu halla bağlı kampaniya başlayandan saytımızda ətraflı qeyd etmişik ki, bu halda işçi heç bir maddi məsuliyyət daşımır.

Bundan əlavə bizim çatdırma kampaniyaları çatdırması mümkün olan ərazilər üçün keçərlidir, yəni əlavə sürətə ehtiyac olmadan sürücünün yaxın ərazilərə normal gedib qayıda biləcəyi məsafələrə çatdırma edirik. Çatdırılma əraziləri kuryerlərimizin təhlükəsizliyi üçün məhdudlaşdırılıb.

Qərəzli mövqedən paylaşım edilənlərə və mənbəyi bəlli olmayan heç bir hüquqi əsası olmayan şirkətin imicinə xələl gətirən məlumatlar yayanlara qarşı hüquqi platformada lazımi tədbir görüləcək”.

BAKU.WS