VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Prokurorluq və daxili işlər orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nərimanov rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.


Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanvarın 19-da saat 03 radələrində 1949-cu il təvəllüdlü Janna Məhərrəmova və oğlu 1982-ci il təvəllüdlü Aleksandr Məhərrəmovun yaşadıqları mənzildə üzərində zorakılıq əlamətləri olan meyitlərinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, 1977-ci il təvəllüdlü Ruhin Allahverdiyev tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.

İstintaqla müəyyən edilmişdir ki, yanvarın 17-də R.Allahverdiyev əvvəlcədən aralarında olan razılaşmaya əsasən Janna və Aleksandr Məhərrəmovların mənzilində təmir işlərini davam etdirmək adı ilə gələrək özü ilə gətirdiyi çəkiclə sonuncuların baş nahiyələrinə çoxsaylı zərbələr endirib onları qəsdən öldürüb. Daha sonra o, J.Məhərrəmovanın çantasından 20 manat, A.Məhərrəmovun portfelindən isə içərisində 200 manat olan pul kisəsini götürüb, mənzilin qapısını açarla bağlayaraq hadisə yerindən qaçıb.

İstintaq zamanı R.Allahverdiyev hadisə baş verən mənzilin açarını istintaqa təqdim etmişdir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Ziya Babayev

BAKU.WS