Dünən axşam Babək prospektində avtomobilin çuxura düşməsilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinn rəhbəri Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında bildirib ki, həmin yolda yeraltı su xətlərində qəza baş verdiyi üçün ərazidə qazıntı işləri aparılıb.

“Ərazi “Azərsu” ASC əməkdaşları tərəfindən qazılıb və orada təmir işləri aparılır”, - deyə Anar Nəcəfli bildirib.

Yolda təmir işləri aparılarkən təhlükəsizlik tədbirlərinin görülməməsinə gəlincə, qurum rəsmisi bunun onların səlahiyyəti çərçivəsində olmadığını qeyd etdi.

“Təmir işləri aparılarkən həmin qurum tərəfindən yolda təhlükəsizlik məqsədlərilə yol nişanları qoyulmalıdır. Mən bildiyimə görə, orada təmir işlərini bildirən yol nişanları olub. Bu məsələyə nəzarəti isə yol polisi həyata keçirməlidir”, - deyə Anar Nəcəfli vurğulayıb.

“Azərsu” ASC-də Bakının Xətai rayonunun Babək prospektində “Mercedes" markalı avtomobilin xəndəyə düşməsi ilə bağlı məlumat yayıb.

BAKU.WS xəbər verir ki, məlumatda deyilir ki, prospektin köməkçi yolunda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar qazıntı işləri aparılıb.

"Bu zaman bütün tikinti və texniki normalara əməl olunub. Qazıntı aparılan sahənin yaxınlığında məlumatverici lövhə, xəbərdarlıq nişanları və qoruyucu lentlər qoyulub.

Mətbuatda yayımlanmış fotoşəkillərdə də məlumatverici lövhələrin və qoruyucu vasitələrin mövcud olması əksini tapıb. Bu xəbərdarlıqedici vasitələr gecə saatlarında hərəkətdə olan bir nəqliyyat vasitəsi tərəfindən dağıdılıb.

Bundan sonra hərəkətdə olan digər nəqliyyat vasitəsi - “Mersedes” markalı avtomobil xəndəyə düşüb. Hadisə yerinə dərhal “Azərsu”nun əməkdaşları və texnikası cəlb olunub.

Xüsusi texnika vasitəsilə avtomobil xəndəkdən çıxarılıb. Hazırda ərazidə təmir işlərinin başa çatdırılması istiqamətində işlər davam etdirilir, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, hadisə ilə bağlı ətraflı məlumatı "Bakıda maşın çuxura düşdü – VİDEO" adlı xəbərdə vermişik.

Ziya SƏCCAD
BAKU.WS