SİZİN REKLAM BURADA!
055 213 76 73



"Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə xilasedici işləyən Fuad Tahir oğlu Tağıyev ötən gün son mənzilə yola salınıb.


Tağıyev Fuad Tahir oğlu 1981-ci il 23 fevral tarixində Bayıl qəsəbəsində anadan olub. Evli idi. İki oğul, bir qız atası olan Fuad 10 ilə yaxındır "Günəşli" platformasında xilasedici kimi işləyirmiş. Yanğın baş verən zaman neftçiləri xilas edib, özü isə xilas ola bilməyib. 

Əmisioğlu ilə söhbətimiz zamanı bildirdi ki, Fuadın sentyabr ayında bir körpə qızı dünyaya gəlib:

"Bu gün əslində Fuad gəlməli idi, onlara gedəcəkdik. Fuadın sentyabr ayında qız övladı dünyaya gəlib. Onu görməyə gedəcəkdik. Bu gün isə Fuadı torpağa tapşırırıq. İnsan bilmir nə desin. Düzdür ölüm heç bir gənc insana yaraşmır, amma Fuada heç yaraşmırdı. Fuad ölməməli idi. Fuad fədakarlığını son ana qədər göstərdi. İş yoldaşlarının bəzisini xilas etdi, özü isə xilas ola bilmədi."

Mərhum Fuad Tağıyevin atası isə danışa bilmədiyini bildirdi: "Məni üzrlü hesab edin, danışa bilmirəm. İndi elə bir haldayam ki, özümə yer tapa bilmirəm. Üç körpəsi qaldı."

BAKU.WS-ə danışan SOCAR-ın "Dalğıc qəza xilasetmə işləri" şöbəsinin baş mühəndisi Əbülfəz Nəsirov Fuad Tağıyevlə eyni idarədə işlədiyini bildirdi:

"Fuadı çoxdan tanıyırıq. Anası ilə atası da bizim idarədə işləyiblər. Sonra Fuad da bizimlə işləməyə başladı. Fuad olduqca mülayim və mehriban insan idi. Belə erkən yaşda aramızdan ayrılması bizi kədərləndirir. Körpə balaları qaldı. Biz SOCAR şirkəti olaraq Fuadın da, digər neftçilərin də ailəsinə lazımi yardımı edəcəyik."

Hadisə anından danışan Fuadın iş yoldaşları həmin günü Fuadla danışdıqlarını dedi:

"Fuadgil qayıqda olanda biz onunla danışdıq. Amma sonra əlaqə itdi. Həmin günü dənizdə dalğa 10 metr olub. Ona görə xilas ola bilmədilər..."
 
Fuad Tağıyev Bülbülə kəndində dəfn olunub. Allah rəhmət eləsin!
 
Ayşən Ayxan
BAKU.WS