Bakı Bulvarında qiymətlər necə formalaşır? - RƏSMİ AÇIQLAMA

Bakı Bulvarında qiymətlər necə formalaşır? - RƏSMİ AÇIQLAMA
Açıqlama
Sosial 39

"Dənizkənarı Bulvar İdarəsi və ya hər hansı dövlət qurumu sahibkarlıq subyektlərinin pərakəndə satış və müxtəlif xidmət qiymətlərinin inzibati qaydada tənzimləyicisi kimi çıxış etmir".

BAKU.WS xəbər verir ki, bunu Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri Xanlar Ağalarov "Report" İnformasiya Agentliyinə və "ARB" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Dənizkənarı Milli Park ərazisində müxtəlif sahibkarlıq subyektləri tərəfindən göstərilən xidmətlər və təqdim olunan məhsullar qanunvericiliklə dövlət tərəfindən tənzimlənən hallar istisna olmaqla, sərbəst bazar münasibətləri şəraitində formalaşır.

"İnzibati qaydada tənzimləmə mümkün olmasa da, İdarə öz səlahiyyətləri çərçivəsində müxtəlif tədbirlərlə qiymətlərin əlçatanlığı, ərazidəki xidmətlərin müxtəlifliyi, sərbəst rəqabət mühitinin formalaşması, həmçinin digər yollarla əlçatanlığın təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Bu çərçivədə əsas format İdarənin sahibkarlıq subyektləri ilə apardığı işçi müzakirələrdir. Məsələn, hansısa qiymət artımına təsir edən amillərin aradan qaldırılması mümkün olduqda, həmin kommersiya subyektləri ilə olan kommersiya şərtlərində müəyyən güzəştlərin edilməsi, həvəsləndirmə və digər faktorların tətbiqi yolu ilə bu cür qiymət artımının qarşısını almaq istiqamətində iş aparılır. Son bir neçə il ərzində sahibkarlıq subyektləri ilə bu istiqamətdə aparılan işlərin müəyyən nəticələri özünü göstərir", - deyə X.Ağalarov bildirib.

X.Ağalarov əvvəllər ən çox rast gəlinən tendensiyalardan birinin xüsusi kütləvi tədbirlər zamanı ziyarətçi sayının artması ilə əlaqədar sahibkarlıq subyektlərinin süni şəkildə qiymətləri artırması olduğunu vurğulayıb.

"Aparılan işlər çərçivəsində bu kimi halların qarşısı alınıb. İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı tələblərin, o cümlədən qiymətlərlə bağlı şəffaflığın təmin edilməsi, hər hansı məhsul və ya xidmətlə bağlı məlumatların açıq şəkildə göstərilməsi tələblərinin tədricən yerinə yetirilməsi nəticəsində artıq bu istiqamətdə irəliləyişlər var və mövcud çatışmazlıqlar aradan qaldırılıb.

Dənizkənarı Bulvar İdarəsi sahibkarlıq subyektləri ilə bağlı aktiv təmaslar çərçivəsində bu cür məsələlərin davamlı olaraq tənzimlənməsini təmin etmək mövqeyində çıxış edir", - deyə sədr əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər