Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri Bakı buxtasında reyddə duran Rusiya Federasiyası Xəzər Hərbi Dəniz Donanmasının "Mahaçqala” və "Volqadonsk” gəmiləri ilə tanış olublar.

Rayon icra hakimiyyətindən BAKU.WS-ə bildiriblər ki, donanmanın nümayəndə heyətinin rəhbəri, I dərəcəli kapitan Kirill Taranenko hərbi gəmilərin Bakıya gəlişinin məqsədi barədə məlumat verib, Rusiyanın və Azərbaycanın Silahlı Qüvvələri arasında əlaqələrin möhkəmlənməsinin əhəmiyyətini vurğulayıb.

Səbailli qonaqlar əvvəlcə "Mahaçqala” gəmisinə baxıblar. Burada gəminin kapitanı, II dərəcəli kapitan Ayup Dadayev gəminin döyüş qabiliyyəti, silahları, şəxsi heyətin məişəti barədə məlumat verib.

Daha sonra "Volqadonsk” gəmisi ilə tanışlıq olub. Gəminin kapitanı, III dərəcəli kapitan Vladimir Zaytsev və digər rusiyalı hərbiçilər rayon ictimaiyyətinin nümayəndələrinin suallarını cavablandırıblar.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev Bakının mərkəzi rayonu olan Səbailin strateji əhəmiyyət kəsb etdiyini deyib və rayonun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri, həmçinin rayonda keçirilən beynəlxalq tədbirlər barədə məlumat verib.

Görüşdən sonra hərbi dənizçilər İçərişəhərdə tarixi abidələrlə tanış olub, Dənizkənarı Milli Parkı gəziblər.
 
ŞAHİN Həbibov
BAKU.WS