VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Nizami rayonu Mikayıl Əliyev küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq 2 noyabr 2015-ci il tarixində səhər saatlarından həmin küçədə nəqliyyat vasitələrinin hərəkəti təmir işləri bitənədək tam olaraq məhdudlaşdırılır.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətində BAKU.WS-ə verilən məlumata görə, nəqliyyat vasitələrinin hərəkətinin tam olaraq məhdudlaşdırılması Mikayıl Əliyev küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında olan hissəsində aparılacaq. Həmin kəsişmələrdə yerləşən dairələrdə nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir məhdudiyyət olmayacaq.

Təmir-tikinti işlərinin aparıldığı hissənin uzunluğu 1375 metr, eni isə 26,5 metrdir. Artıq ərazidə səth sularının normal kənarlaşdırılması üçün yeni  yağış-kanalızasiya sistemi yaradılıb, yeni yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.

Bundan başqa ərazidə köhnə səki daşlarının yenisi ilə əvəzlənməsi işləri də yekunlaşıb. Küçə boyu 1700 paqon metr yeni səki daşı düzülüb. Piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə 1,5 metr enində yeni səkilər salınıb.

Təmir-tikinti işləri çərçivəsində küçənin 36500 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənəcək və yolun işıqlandırılması üçün hər iki tərəfdə yeni və müasir işıq dirəkləri quraşdırılacaq.

Mikayıl Əliyev küçəsində təmir-tikinti işləri tərtib olunmuş qrafikə əsasən şəxsən Nəqliyyat naziri Ziya Məmmədov və "Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatçılığı görə, Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir.

Qeyd edək ki, sözügedən ərazidə təmir-tikinti işləri Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə aparılır.

Ziya Səccad

BAKU.WS