Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilərək azadlıqdan məhrum edilmiş Sahib Rüstəmov barəsində verilən apellyasiya şikayətinə baxılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
 
İttihama görə, S. Rüstəmov dostunun anası, Bakı şəhər sakini Sədaqət Aslanovanın etibarından sui-istifadə edərək, onun həbsdə olan oğlu Elvin Aslanovun azadlığa buraxılması vədini verib. O, 12 min manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, S. Rüstəmov S. Aslanovanın evinin tikinti sənədlərinin rəsmiləşdirəcəyini və order alacağını vəd verib və qadının 3 min ABŞ dollarını alıb. S. Rüstəmov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Rüstəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. 
 
BAKU.WS