SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının mərkəzində şirniyyat mağazasının fəaliyyəti dayandırılıb.

Bu barədə BAKU.WS-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunur ki, unlu və kremli məmulatların satışı müəssisəsində siçan aşkarlanması ilə bağlı sosial media səhifələrində yayılan görüntülər əsasında Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 1 ünvanında yerləşən fiziki şəxs Nağıyev Rafət Kontov oğluna məxsus müəssisədə plandankənar yoxlama aparılıb. Bu zaman qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, istifadə edilən xammalların keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu müəyyən edilib. Həmçinin temperatur rejiminin gözlənilmədiyi, çay və kofe hazırlanması üçün xüsusi şöbələrin ayrılmadığı, satışı həyata keçirilən unlu və kremli qənnadı məmulatlarına dair etiket məlumatlarının istehlakçılara təqdim olunmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi üzə çıxıb.

Bundan əlavə, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi masaların, divar səthlərinin asan təmizlənə və dezinfeksiya edilə bilən materialla üzlənmədiyi, tullantı qabların ağzı açıq vəziyyətdə saxlandığı aşkar olunub.

Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Eyni zamanda müəssisədə satışı həyata keçirilən “ekler” məhsulundan müvafiq sınaqların aparılması məqsədi ilə nümünə götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər keçirir.

BAKU.WS
VİDEO