SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərin kimliyi məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsindən Real TV-yə verilən açıqlamaya görə, Şərur rayon sakini 39 yaşlı Heydərov Nizami Qadir oğlu yanacaq daşıdığı “Mercedes” markalı qoşqulu yük avtomobili ilə Qazax rayonu istiqamətində olarkən, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan Lənkəran rayon sakini 43 yaşlı Fərzullayev Ceyhun Cəsarət oğlunun idarəetdiyi “KamAZ” markalı yük maşını ilə toqquşub.

Toqquşmadan sonra “Mercedes” markalı yük avtomobili idarəetmədən çıxaraq yolun solundaki dəmir çəpərə çırpılıb və güclü partlayış nəticəsində alışıb.

Bu zaman eyni istiqamətdə hərəkətdə olan Füzuli şəhər sakini 59 yaşlı Əliyev Əvsələtdin Tofiq oğlunun idarə etdiyi “Opel” markalı avtomobil, “Mercedes” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü Heydərov Nizami Qadir oğlu hadisə yerində yanaraq ölüb, “Opel” markalı avtomobilin sürücüsü Əliyev Əvsələtdin Tofiq oğlu isə xəsarət alıb.

***14.08

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobildə baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-in Mətbuat Xidmətindən BAKU.WS-ə daxil olan məlumatda deyilir:

"Bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində avtoqəza nəticəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Yanğın həcmi 20 ton olan “Mercedes” markalı yanacaqdaşıyan yük avtomobili, kəsmə daşla dolu “KamAZ” markalı yük avtomobili və “Opel” markalı minik avtomobilinin zəncirvari toqquşması nəticəsində qeydə alınıb. Yanğın nəticəsində yanacaqdaşıyan və minik avtomobillərinin yanar hissələri, yanacaqdaşıyan avtomobildəki çənin içərisində olan və ətrafa dağılan yanacaq yanıb. Hadisə nəticəsində Mercedes” markalı yük avtomobilinin sürücüsü həlak olub.

“KamAZ” markalı yük avtomobili və yolətrafı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır".

***Qobustanda yük maşınının yanacaq daşıyan avtomobillə toqquşması nəticəsində baş verən yanğın söndürülüb. 

***09.30

Qobustanda “KamAZ” markalı yük maşını yanacaqdaşıyan avtomobillə toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində yanacaqdaşıyan avtomobildə olan yanacaq dağılıb və yanğın başlayıb.

Yoldan keçən bir neçə avtomobil yanıb. Hadisə nəticəsində bir nəfər ölüb.

Hazırda Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin yanması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində iş aparılır.

Ərazidə təhlükəsizlik tədbirləri görülür.



08.53

Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobil yanır.

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, bu barədə quruma ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

BAKU.WS
VİDEO

VİDEO

QALEREYA