SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Dünən Lvovda ermənilər tərəfindən hücuma məruz qalan azərbaycanlıların vəziyyəti hazırda stabildir, yaralılar Lvov şəhərindəki xəstəxanaların birində müalicə olunurlar”.

BAKU.WS xəbər verir ki, bu barədə Ans press-ə açıqlamasında Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) rəhbəri Hikmət Cavadov bildirib.

Onun sözlərinə görə, UABD-nun Lvov üzrə nümayəndəsi Məcid Nuxiyev bu gün bir neçə dəfə xəsarət alan azərbaycanlılara baş çəkib.

"Hazırda diaspor olaraq məsələ ilə çox ciddi məşğuluq, vilayət üzrə nümayəndəmiz şəhər administrasiyası və hüquq-mühafizə orqanları ilə görüşlər keçirir. Cinayətkarların tez bir zamanda cəzalandırılmasına çalışırıq. Məsələylə bağlı müvafiq orqanlara rəsmi müraciətlərimiz olub”, - deyə Hikmət Cavadov bildirib.

Cavadov qeyd edib ki, ermənilərin hücumuna məruz qalan azərbaycanlılardan Şəhriyar Məhərrəmov, Rəcəb Məhərrəmli, Vusal Calalov və Rəşad Əliyev daha ciddi xəsarət alıblar: "Yaralılardan 4-ü gülləni baş nahiyəsindən xəsarət alıb, vəziyyətləri ağır olaraq qalır. Əliyar Məhərrəmov və Ruslan Məmmədov isə başları sarıqlı vəziyyətdə evə buraxılıblar”.

Dünən həmçinin Ukrayna Daxili İşlər Nazirliyi Lvov şəhərində ermənilərin azərbaycanlılara hücumuna rəsmi reaksiya verib. Bu barədə Ukrayna DİN rəsmi açıqlama yayıb. Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işinin açıldığını qeyd edib.
 
BAKU.WS