"Hər dəfə 9 May Qələbə Günü yaxınlaşanda ürəyim döyünür. Sevinc hissi ilə o böyük günü gözləyirəm. Mən Vətən uğrunda döyüşlərdə iştirak edib yaralanmışam. Çənəmdən aldığım güllə yarası dişlərimin tökülməsinə səbəb oldu".
 
Bu sözləri 92 yaşlı Böyük Vətən müharibəsi veteranı Əmirbala Məmmədov BAKU.WS-ə açıqlamasında deyib. Qafqaz uğrunda döyüşlərdə iştirak edən Əmirbala kişi müharibə dövrünün çox dəhşətli və bir o qədər də şərəfli olduğunu deyir. Ancaq bu gün Əmirbala kişi Vətən uğrunda döyüşlərdə iştirakına görə nə evlə, nə də avtomobillə təmin olunmayıb. 
 
İllər ötsə də Əmirbala Məmmədov hələ də sosial təminatla tam əhatə olunmayıb. Böyük Vətən müharibəsi veteranına yalnız ildə bir dəfə 1000 manat birdəfəlik müavinət verilir. Əmirbala kişiyə indiyə qədər nə ev, nə də avtomobil verilməyib. Ailə üzvlərinin də bildirdiyinə görə, Əmirbala Məmmədov dövlət başçısı İlham Əliyevlə görüşmək istəyib:
 
 

  

"Bu il söz verdilər ki, onu da prezidentlə görüşə aparacaqlar. Səhər pencəyini geyinib medallarını döşünə taxdı. İlk dəfə idi ki, babamı belə həyəcanlı görürdüm. Veteranlar Birliyindən demişdilər ki, gəlim kişini prezidentlə görüşə aparacaqlar. Amma bir nəfər də olsun gəlib maraqlanmadı. Babam necə həvəslə həmin günə hazırlaşmışdı. Çox təəssüf ki, o istəyinə çata bilmədi. Onun kimi Böyük Vətən müharibəsi veteranlarının sayı bu gün çox azdı. Televizorda veteran deyir ki, dövlət bütün veteranları evlə, maşınla təmin edib. Ancaq mənim babama nə ev verilib, nə də maşın. Gərək vaxtında həmin veteranlara qiymət verilsin. Əmirbala baba öz nəvələrinə özündən sonra miras qoyub getmək istəyir. Onun bu arzusunu həyata keçirmək dövlətdən qayğı gözləyir", - deyə Əmirbala kişinin ailə üzvü Ramin Bədirzadə deyir. 

 

 

Əmirbala Məmmədov Qafqaz uğrunda gedən döyüşlərdə alt çənəsindən güllə yarası alıb. Daha sonra onu 40 gün tibb məntəqəsində saxlayıblar. Hospital uzaq olduğu üçün onu məntəqədə müalicə ediblər. Müalicə zamanı 17 dişim tökülüb. Buna baxmayaraq müalicə bitdikdən sonra yenidən döyüşlərə yollanıb. 1950-ci ilin fevral ayının 22-də ordudan təxris olunan Əmirbala kişi düz 7 il ordu üçün xidmət edib. Əmirbala kişi deyir ki, tibb məntəqəsinin arxivi məhv edildiyi üçün o vaxt əlillik sənədini ala bilməyib. Dəfələrlə Moskvaya sorğu göndərsə də Əmirbala kişiyə tibb məntəqəsinin arxivinin qalmadığı bildirilib. 
 

Bildiniz kimi, İkinci Dünya müharibəsi əlilləri və iştirakçıları əmək pensiyaları ilə və digər sosial ödənişlərlə təmin olunur. Ötən dövrdə digər müharibə əlilləri ilə yanaşı, 102 nəfər İkinci Dünya müharibəsi əlilinin mənzillə, bu təbəqədən olan 1117 nəfərin minik avtomobili ilə təminatı həyata keçirilib. Həmin vətəndaşların dövlət hesabına bərpa-müalicə xidməti, sanator-kurort putyovkaları və s. ilə təminatı sahəsində də məqsədyönlü işlər görülür. Vətən uğrunda canından keçməyi gözə alan 92 yaşlı veteran da mənzil və maşınla təmin olunacağını ümid edir. Əmirbala kişi dövlətin qayğısından kənarda qaldığını və bundan çox məyus olduğunu deyir. Vətəni üçün canını sipər edən veteran dövlətindən, xalqından və prezidentindən qayğı gözləyir...


Şahin Həbibov
BAKU.WS