Təhsil Nazirliyindən koronavirusla bağlı valideynlərə – VACİB ÇAĞIRIŞ
Təhsil Nazirliyi tərəfindən müvafiq dövlət qurumları ilə birlikdə əhali arasında koronavirus xəstəliyinin profilaktikası məqsədilə bütün təhsil müəssisələrində sanitariya maarifləndirmə işləri həyata keçirilir.
Bunu BAKU.WS-ə Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, məktəblərdə dezinfeksiya işləri artıq ötən həftədən etibarən aparılır: "Ötən gün Təhsil naziri də bütün rayon və şəhər təhsil idarələrinə məktub göndərib ki, profilaktik tədbirlərlə bağlı şagird, müəllim və valideynlərlə maarifləndirmə işləri aparılsın.
Hər hansı respirator xəstəliklərin əlaməti olarsa, həmin uşaqların ambulator müalicəyə yerləşdirilməsi müəyyən olunsun. Məktəblərdə tibb ocaqları olduğu təqdirdə ora zəruri tibbi vasitələrlə təchiz olunsun. Eyni zamanda dezinfeksiyaedici və gigiyenik vasitələrlə ümumtəhsil müəssisələri təchiz edilsin".
Cəsarət Valehov həmçinin deyib ki, şagirdlərin maska ilə sinifdə oturmasına ehtiyac yoxdur: "Şagirdlərin sinif otaqlarında tibbi maska ilə oturması barədə heç bir göstəriş yoxdur. Əksinə, respirator xəstəliklərin əlamətləri müşahidə edildikdə şagirdlərin ev şəraitində və ya ambulator şəraitdə müalicə olunması daha məqsədəuyğundur, nəinki xəstə-xəstə məktəbdə oturması.
Bundan əlavə hər il müvafiq olaraq şagirdlərin sağlamlıq vəziyyəti ilə bağlı planlı işlər də görülür. Bu, ödənişsiz olmalıdır. Şagirdlər yaşadığı və qeydiyyatda olduğu tibbi müəssisələrdə yoxlanışdan keçirlər".
Oxşar xəbərlər
Təhsil naziri koronavirusa görə orta məktəblərlə bağlı tapşırıq verdi - FOTO
Azərbaycan Respublikasının Təhsil Nazirliyi respublikanın rayon və şəhər təhsil şöbələrinə (idarələrinə) koronavirusla bağlı müvafiq tapşırıqlar verib. BAKU.WS...