Bakının Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsində yerləşən 267 saylı məktəbə “fond pulu” yığımı hələ də davam edir.

Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bu barədə redaksiyamıza səs yazısı göndərilib. Məktəbin valideyn komitəsindən olan xanımın səs yazısında “fond pulu” tələb edilir.

“Salam xanım, mən Xalida Mamedovnanın sinfinin valideyn komitəsiyəm. Siz sentyabr ayının “fond pulu”nu vermisiniz.

Daha verməmisiniz. Zəhmət olmasa göndərə bilərsiz? Ya mənə verin, ya da uşağın “gündəlik”inin arasına qoyun. Müəlliməyə çatdırsın”, - deyə səs yazısında bildirilib.

“Fond pulu”nun məktəbdə təmizlik işləri aparan xadimələr üçün yığıldığı deyilir.

Şikayətçilər bildirirlər ki, “fond pulu” vermək istəmədikdə orada təhsil alan şagirdlər müəllimlər tərəfindən sıxışdırılır. Sinif rəhbərləri və valideyn komitələri isə bu məsələdə daha aktiv fəaliyyət göstərirlər.

Məsələyə münasibət öyrənmək üçün 267 saylı məktəblə əlaqə saxladıq. Məktəbin direktoru Adilə Orucova BAKU.WS-ə bildirdi ki, səslənən ittihamlar əsassızdır.

Məktəbdə “fond pulu” yığılmır. Səs yazısına gəlincə, məktəb direktoru bu barədə məlumatsız olduğunu və bununla bağlı nəsə deyə bilməyəcəyini bildirdi.

BAKU.WS
VİDEO