SİZİN REKLAM BURADA!
055 213 76 73


Zəif nəticə göstərən digər təhsil müəssisələri Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Lənkəran Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetidir. Bu ali təhsil müəssisələri dövlət vəsaiti hesabına təhsil almaq üçün, müvafiq olaraq, 785, 700, 310, 1170 və 1755 nəfər tələbə qəbul etmək imkanına malik idi. Müsabiqə adları qeyd olunan ali təhsil müəssisələrinin yüksək hazırlıqlı abituriyentlər arasında çox zəif nüfuza malik olduğunu göstərib. 

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Qeyd edilir ki, abituriyentlər Azərbaycan Texnologiya Universitetinin digər ali təhsil müəssisələri ilə birgə müsabiqəsi üçün ayrılan 784 dövlət sifarişli yerdən yalnız 15-nin (1.91%), Mingəçevir Dövlət Universiteti üçün ayrılan 700 dövlət sifarişli yerdən yalnız 44-nün (6.29%), Naxçıvan Müəllimlər İnstitutu üçün ayrılan 310 yerdən yalnız 19-nu (6.13%), Lənkəran Dövlət Universiteti üçün ayrılan 1169 yerdən yalnız 89-nu (7.61%), Sumqayıt Dövlət Universitetinə isə ayrılan 1755 yerdən yalnız 47-ni (2.68%) seçmişlər. 

Dövlət sifarişi üzrə tələbə qəbulunun müsabiqəsində 11 özəl ali təhsil müəssisəsi iştirak etmişdir. Onların hamısı birlikdə müxtəlif ixtisaslar üzrə dövlət büdcəsinin vəsaiti hesabına 5765 nəfər tələbə qəbul etmək imkanına malik olmuşdur. Bu yerlərin əksəriyyəti digər ali təhsil müəssisələrinin (dövlət və özəl) də iddialı olduqları birgə müsabiqə üçün ayrılan yerlər idi. Bütövlükdə götürdükdə, dövlət sifarişi ilə təhsil almaq hüququ qazanan cəmi 299 nəfər abituriyent təhsilini özəl ali təhsil müəssisələrində davam etdirmək istədiyini bildirmişdi.

299 qalibdən 219 nəfəri isə Xəzər Universitetini seçmişdir. Beləliklə, abituriyentlər öz ixtisas seçimləri ilə bu özəl ali təhsil müəssisəsinə böyük inam göstərdiklərini nümayiş etdirmişlər. Müsabiqə Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Qızlar Universiteti, Bakı Biznes Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının orta və yüksək hazırlıqlı abituriyentlər arasında nüfuza malik olmadığını üzə çıxarıb. Cədvəldən göründüyü kimi, dövlət sifarişi ilə təhsil almaq hüququ qazanan heç bir abituriyent bu təhsil müəssisələrində təhsil almaq istəməmişdir.

Bu il ali təhsil müəssisələri üzrə, bütövlükdə, dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən ixtisaslara qəbul olanların 88.92%-i (10331 nəfər) Bakı şəhərində, 11.08%-i (1287 nəfər) isə respublikanın regionlarında yerləşən ali təhsil müəssisələrini seçmişdir. 2017-ci ildə bu göstəricilər, müvafiq olaraq, 87.48%-i (10030 nəfər) və 12.52%-i (1436 nəfər) olmuşdu.

Bakı şəhərində və regionlarda yerləşən ali təhsil müəssisələrinə son on ildə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən yerlərə qəbul olanların nisbi çəkisinin müqayisəli təhlili göstərir ki, bu illər ərzində Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinə qəbul olanların faizi 79.73-dən 88.92-ə qədər artmış, regionlarda yerləşən ali təhsil müəssisələrinə qəbul olanların faizi isə 20.27-dən 11.08-ə qədər azalmışdır.

Beləliklə, aydın olur ki, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən yerlərə müsabiqənin bütün ali təhsil müəssisələri üzrə mərkəzləşdirilmiş şəkildə aparılması ötən illərlə müqayisədə hazırda regionlarda yerləşən ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə qəbul olanların faizinin azalmasına səbəb olmuşdur.

BAKU.WS