Abituriyent” jurnalının 12-ci sayında qeyd edilən məlumatlara əsasən, ötən il 152 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.

BAKU.WS xəbər verir ki, sözügedən məktəbin direktoru Zəkay Şayev “unikal”a açıqlamasında məsələyə aydınlıq gətirib:

“Ötən il bizim cəmi 5 məzunumuz olub. Onlardan 3-ü ölkə daxilində, qalan 2-si isə Moskvada yerləşən ali təhsil müəssisələrinə qəbul olunublar”, - deyə o bildirib.

***11:38

2021-ci ildə Bakı şəhərinin ümumtəhsil müəssisələrini 20157 şagird bitirib və onların 20082 nəfəri buraxılış imtahanında iştirak edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında qeyd edilib.

Bildirilib ki, Bakı şəhərinin məzunlarının buraxılış imtahanında tədris dili fənni üzrə topladıqları orta bal (51.60) respublika üzrə orta göstəricidən 12.00%, riyaziyyat fənni üzrə topladıqları orta bal (34.69) respublika üzrə orta göstəricidən 17.16%, xarici dil fənni üzrə topladıqları orta bal (50.53) respublika üzrə orta göstəricidən 25.18% və hər üç fənn üzrə birlikdə topladıqları orta bal (136.83) isə respublika üzrə orta göstəricidən 18.03% yuxarıdır.

Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 21.42%-i 30 və daha az, 53.23%-i 30-70 intervalında, 25.35%-i 70-dən çox bal toplayıb. Riyaziyyat fənni üzrə bu göstəricilər müvafiq olaraq, 54.11%, 32.29% və 13.60%, xarici dil fənni üzrə isə 29.75%, 40.60% və 29.65% olmuşdur. Ümumilikdə 20114 nəfər attestat alıb.

Attestat alanların 77.88%-i (15664 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 59.34%-i (11935 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib.

Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 10073 məzunu (imtahanlarda iştirak edənlərin 58.89%-i) tələbə adını qazanıb. Onların 58.83%-i (5926 nəfəri) dövlət, 2.68%-i (270 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 29.11%-i (2932 nəfəri) dövlət, 9.38%-i (945 nəfəri) isə özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul olub.

Şəhərin məzunlarının 2054 nəfəri 500-dən, o cümlədən 566 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub.

Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb:

0-100 intervalında 11.19% (1753 nəfər), 100-200 intervalında 23.80% (3728 nəfər), 200-300 intervalında 21.42% (3355 nəfər), 300-500 intervalında 30.48% (4774 nəfər), 500-dən yuxarı 13.11% (2054 nəfər).

Beləliklə, şəhərin abituriyentlərinin yalnız 43.59%-i 300-dən yuxarı bal toplayıb.

Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 4.94%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 46.21%-dir.

Qəbul imtahanlarında 306 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 152 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.

Respublika üzrə yaxşı məktəblərin sırasına bu il şəhərin 17, 95, 129, 159, 247, 283, 313 saylı tam orta məktəbləri, 62, 83, 220, 261, 264 saylı məktəb-liseyləri, 287 saylı “Zəkalar” liseyi, 291 saylı Ekologiya liseyi, Texniki humanitar lisey, 160 saylı klassik gimnaziya və 147 saylı texniki-humanitar təmayüllü lisey daxil olub.

BAKU.WS