Xəstə halda işə, məktəbə getmək nə qədər təhlükəlidir? - XƏBƏRDARLIQ
"COVID-19 pandemiyasının respirator infeksiyaların yayılmasının qarşısının alınması baxımından cəmiyyət üçün müəyyən davranış vərdişləri formalaşdırmalıdır".
Bunu BAKU.WS-ə açıqlamasında tibb elmləri doktoru, infeksionist Adil Qeybulla deyib.
Onun sözlərinə görə, özünü xəstə hiss edən, xüsusilə öskürək və burun axması kimi simptomları olan şəxslərin digər insanlarla təmas zamanı maskadan istifadə etməsi ətrafdakıların qorunması baxımından vacib addımlardan biridir:
"Düşünürəm ki, COVID-19 pandemiyasından müəyyən nəticələr çıxarmalı idik. Heç olmasa burnu axan, özünü xəstə hiss edən insanın ətrafındakıları qorumaq üçün maska taxması bir mədəniyyət nümunəsi olardı. Xəstə vəziyyətdə insanların arasına daxil olmaq, öskürə-öskürə ətrafdakı şəxsləri yoluxdurmaq düzgün yanaşma deyil.
Bu məsələyə məktəblərdə də diqqət yetirilməlidir. Maska istifadə edilirsə, ondan düzgün yararlanmaq, burun və ağız nahiyəsini tam örtmək və maskanı müəyyən müddətdən sonra yeniləmək lazımdır. Əks halda maskadan istifadə etməyin gözlənilən qoruyucu effekti azalır".
Tanınmış professor qeyd edib ki, respirator infeksiyalara yoluxan hər bir insanın xəstəliyi eyni formada keçirməsi mümkün deyil:
"Xüsusilə immun sistemi zəif olan, onkoloji xəstəliklərdən əziyyət çəkən və digər risk qruplarına daxil olan şəxslər üçün bu infeksiyalar daha ciddi nəticələrə səbəb ola bilər.
Bir insanın digərini qrip və ya başqa respirator virusla yoluxdurması bəzən həmin şəxsin həyatı üçün ciddi təhlükəyə çevrilə bilər. Çünki yoluxan insanlar arasında immun sistemi zəif olan, ağır və xroniki xəstəlikləri olan şəxslər də var. Buna görə də məsələ yalnız bir insanın bir neçə gün xəstə olması kimi qiymətləndirilməməlidir.
Qripin özünün də ağırlaşmaları ciddi nəticələrə gətirib çıxara bilər. Ona görə respirator infeksiyaların yayılmasının qarşısının alınması yalnız fərdi deyil, həm də ictimai məsuliyyət məsələsidir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? - Polis ərazini nəzarətə götürdü
Abşeron rayonunun Masazır qəsəbəsində fəaliyyət göstərən ictimai iaşə obyektində gecə saatlarında ətraf ərazilərə yayılan yüksək səslə bağlı daxil olan müraciət...