Vüsal Qasımlı: Azərbaycanda sığorta haqları son üç ildə 55 faiz artıb

Vüsal Qasımlı: Azərbaycanda sığorta haqları son üç ildə 55 faiz artıb
İqtisadiyyat 12

Prezident tərəfindən "Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiqlənməsi maliyyə sektorunun modernləşdirilməsi, rəqəmsallaşmanın sürətləndirilməsi və innovativ maliyyə həllərinin tətbiqi baxımından yeni imkanlar yaradıb.

BAKU.WS xəbər verir ki, bunu XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı bildirib.

V.Qasımlının sözlərinə görə, son illərdə Azərbaycan sığorta bazarı əhəmiyyətli inkişaf nümayiş etdirib. Belə ki, 2022–2025-ci illərdə ölkədə toplanmış sığorta haqları 971 milyon manatdan 1,5 milyard manata yüksələrək təxminən 55 faiz artıb.

Eyni dövrdə sığorta ödənişlərinin həcmi 433 milyon manatdan 921 milyon manata çataraq iki dəfədən çox artım göstərib. Adambaşına düşən sığorta haqqı isə 95 manatdan 147 manata yüksəlib.

İcraçı direktor qeyd edib ki, sığorta sektorunun iqtisadiyyatda rolunu əks etdirən penetrasiya səviyyəsi də artaraq 0,73 faizdən 1,17 faizə çatıb. Həmçinin 2022–2025-ci illərdə həyat sığortası şirkətlərində aktivlərin rentabelliyi təxminən 8 faiz səviyyəsində sabit qalıb, qeyri-həyat sığortası şirkətlərində isə bu göstərici 4 faizdən 7 faizə yüksəlib.

Onun sözlərinə görə, 2025-ci ildə həyat və qeyri-həyat sığortası növləri üzrə unikal sığorta müqaviləsi sahiblərinin yetkin əhali arasındakı payı 25 faiz təşkil edib. Dövlət Proqramı çərçivəsində bu göstəricinin 2030-cu ilədək 32 faizə çatdırılması hədəflənir.

V.Qasımlı vurğulayıb ki, qlobal investisiya davranışlarının dəyişməsi, texnoloji yeniliklərin tətbiqi və risklərin idarə edilməsində yeni yanaşmalar sığorta sektorunun inkişafını sürətləndirir. Onun fikrincə, Azərbaycanda həyata keçirilən institusional islahatlar və strateji proqramlar da sığorta bazarının modernləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün möhkəm zəmin yaradır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər