Vüqar Bayramov: "Bu qanun qəbul edilərsə bahalaşma olacaq"
"Maliyyə Nazirliyi uzun müddətdə gündəmə saxlanan təklif əsasında ixrac subsidiyası mexanizmini tətbiqi ilə bağlı Nazirlər Kabinetinə layihə təqdim edib. Layihəyə əsasən, ixrac ilə məşğul olanlar büdcədən subsidiya alacaqlar. Bu zaman ixrac edilən malın dəyərinin 3, bəzi hallarda isə 5 faizi məbləğində subsidiya veriləcək".
BAKU.WS-in məlumatına görə, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov söyləyib. İqtisadçı hesab edir ki, bu zaman ixrac olunan məhsulun xammalının ən azı 50 faizin yerli mənbələrdən alınması, qeyri-neft sektorunda fəaliyyət göstərməsi, ödənişi bank vasitəsi ilə alması kimi şərtlər də olacaq: "Bunlar da düşünürəm ki, əslində vacib şərtlərdir. Bütövlükdə, belə subsidiya ixracın stimullaşdırılması baxımdan əhəmiyyətlidir. Bu müsbət təklif idi və subsidiyalaşmanın şəffaf mexanizmlərinin formalaşdırılması da olduqca vacibdir. Çünku şəffaf mexanizmlər ilə subsidiyalaşma səmərəli ola bilər. Ümid edirik ki, yaxın zamanlarda qəbul ediləcək".
Mütəxəssis bildirir ki, istehlak etdiyimiz malların 80 faizindən çoxunu xaricdən gətirdiyimiz bir zamanda anti-dempinq tədbirlərinin həyata keçirilməsi müzakirə edilir: "İnkişaf etmiş ölkələrdə belə tədbirlərin məqsədi idxal olunan mallara yüksək vergi və rüsum tətbiq etməklə daxili istehsalı qorumaqdır. Amma razılaşaq ki, əvvəlcə daxili istehsalı formalaşdırmalıyıq sonra onu qorumaq haqqında düşünməliyik. Əgər çox az sayda məhsullar üzrə yerli istehsal hesabına tələbatı ödəyiriksə o zaman anti-dempinqlə nəyi qoruyacayıq? Əksinə bu addımın atılması istehlak bazarında qiymətləri yüksəldəcək və idxail ilə məşğul olan iş adamların bir qisminin bazardan sıxışdırılıb çıxarılmasına səbəb olacaq".
İqtisadçının fikrincə, idxaldan asıllıq inzibatı metodlar ilə deyil, bazar tərəfindən aradan qaldırılmalıdır: "Yüksək vergilər ilə xarici istehsal mallarının ölkəyə buraxılmaması heç də idxaldan asıllığın aradan qaldırılması anlamına gəlməməlidir. İdxal mallarının qarşısını vergilərin artırılması deyil, yerli istehsalın inkişafı hesabına mümkündür. Bütövlükdə, "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsinə redaktə edilməsi və anti-dempinq tədbirlərinin tətbiqinin təxirə salınması məqsədə uyğundur. Əks halda, o yerli istehsalın inkişafını deyil, qiymət artımlarını stimullaşdıracaq. Bu zaman idxal olunan məhsullar üzrə qiymət artımları müşahidə ediləcək. Nəticədə, anti-dempinq tədbirləri daxili bazarı qorumaq əvəzinə bizlərin daha bahalı məhsullar almasına səbəb olacaq. Buna görə də, ant-depminq siyasətinin indi deyil, yalnız yerli istehsal formalaşdırıldıqdan sonra həyata keçirilməsi mümkündür".
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Prezidentdən “Made in Azerbaijan” brendi ilə bağlı sərəncam
Prezident İlham Əliyev qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam verib. BAKU.WS-in məlumatına görə, sə...