Ülviyə Cabbarova: Son dörd ildə Azərbaycanın sığorta bazarı təxminən iki dəfə böyüyüb
Son illərdə ölkənin sığorta bazarında əhəmiyyətli inkişaf müşahidə olunur.
BAKU.WS xəbər verir ki, bunu Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxış edən Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyə Cabbarova deyib.
Onun sözlərinə görə, son dörd ildə Azərbaycanın sığorta bazarı təxminən iki dəfə böyüyüb. Bu inkişaf dövlət tərəfindən müəyyən edilmiş strateji hədəflər, Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi islahatlar və bazar iştirakçılarının birgə fəaliyyəti nəticəsində mümkün olub.
Ü.Cabbarova qeyd edib ki, əldə olunan nəticələrə baxmayaraq, ölkədə sığorta penetrasiyasının artırılması üçün hələ də geniş potensial mövcuddur və əsas məqsəd bu imkanlardan maksimum istifadə etməkdir.
O vurğulayıb ki, sığorta sektorunun qarşısında duran əsas vəzifə yalnız bazarın böyüməsi deyil, sığortanın insanların gündəlik həyatında daha mühüm yer tutması, cəmiyyətin və iqtisadiyyatın davamlı inkişafına daha çox töhfə verməsidir.
Müşahidə Şurasının sədri bildirib ki, müasir dövrdə risklərin artması və gözləntilərin dəyişməsi sığortanın əhəmiyyətini daha da artırır. Onun sözlərinə görə, sığorta artıq yalnız zərərlərin ödənilməsi mexanizmi deyil, həm də insanların maliyyə təhlükəsizliyinin qorunmasına və bizneslərin gözlənilməz risklərə qarşı dayanıqlığının artırılmasına xidmət edir.
Ü.Cabbarova qeyd edib ki, qlobal sığorta bazarında təbii fəlakətlərin intensivləşməsi, kiberrisklərin genişlənməsi və əhalinin yaşlanması kimi amillər sektor qarşısında yeni çağırışlar yaradır. Bu isə daha çevik fəaliyyət göstərməyi, innovativ məhsullar hazırlamağı və müştərilərin dəyişən tələblərinə uyğunlaşmağı zəruri edir.
Onun sözlərinə görə, "2027–2030-cu illər üzrə Maliyyə İnklüzivliyinin Genişləndirilməsi Dövlət Proqramı" çərçivəsində sığorta xidmətlərinin əlçatanlığının artırılması, rəqəmsal həllərin genişləndirilməsi, könüllü sığortaların inkişafı və maliyyə xidmətlərindən istifadənin təşviqi əsas prioritetlər kimi müəyyənləşdirilib.
Ülviyə Cabbarova hesab edir ki, bu sənəd yalnız dövlət proqramı deyil, həm də sığorta bazarının gələcək inkişafı üçün mühüm yol xəritəsidir. O əlavə edib ki, müəyyən edilmiş hədəflərə nail olmaq dövlət qurumları ilə yanaşı, bütün bazar iştirakçılarının birgə məsuliyyəti və əməkdaşlığı ilə mümkün olacaq.
Oxşar xəbərlər
Əliyar Məmmədyarov: Sığorta sektorunun maliyyə göstəricilərində müsbət dinamika müşahidə olunur
Sığorta bazarında həyata keçirilən təkmilləşdirmələr sektorun dayanıqlığının güclənməsinə və inkişaf tempinin sürətlənməsinə mühüm təsir göstərib. BAKU.WS xəbər...