Təngə və rubl dollar qarşısında çökdü, növbə manatındır?
Qazaxıstanda avqust ayında baş verən devalvasiyanın qarşısını almaq mümkün olmayıb. .
BAKU.WS-in məlumatına görə, neftin qiymətindəki ucuzlaşma avqust ayından üzən məzənnə rejiminə keçən təngənin "nəfəsini" kəsib. Qazaxıstan milli valyutası bu gün yeni bir rekorda imza atıb. Neftin qiymətindəki kəskin ucuzlaşma səbəbiylə təzyiq altında olan Qazaxıstan pul vahidi avqust ayından bu yanan 80% dəyər itirib. Son 4 aylıq dövrdə davamlı olaraq yüksələn dollar bu gün 330 təngəni ötüb.
Təngənin ucuzlaşmasına Rusiya və Çin bazarlarında baş verən dəyişikliklər də birbaşa təsir edib. Neft qiymətindəki ucuzlaşma Qazaxıstan maliyyə bazarlarına da mənfi təsir edib.
Dolların yüksəlişi neftin qiyməti, xarici ticarət balansı, beynəlxalq valyuta bazarındakı hərəkətlilik kimi bəzi xarici faktorlardan qaynaqlandığına diqqət çəkən analitiklər 2015-ci ilin sonuna qədər bir ABŞ dollarının 350 tengeye qədər yüksələcəyini iddia edir. Qazaxıstanın ümumi ixracının 55%-i neft və digər təbii resursların payına düşür. Bu ölkədə neftin qiymətindəki azalma büdcə gəlirlərinə də ciddi mənfi təsir edir.
Qazaxıstan təngəsi ilə yanaşı Rusiyada rublu da ABŞ dollarına nisbətdə kəskin ucuzlaşıb. 1 ABŞ dolları hazırda 71 rubla bərabərdir. Bu göstərici Rusiya milli valyutası üçün tarixi göstəricidir. Rusiyada rublun dollara olan məzənnəsi 1998-ci ildə keçirilmiş denominasiyadan bu yanan bu qədər aşağı səviyyədə olmamışdı. Dolların təsir dairəsinə düşən valyutalar arasında hətta Çin yuanı da var. Şübhəsiz ki, daha çox neft istehsal edən ölkələrdə milli valyuta dollar qarşısında əriyir.
Qazaxıstan və Rusiya kimi iri neft istehsalçılarının valyutalarının dollar qarşısında ucuzlaşması fonunda neftin qiymətinin 37 dollara düşməsi təhlükənin Azərbaycana da yaxınlaşdığına işarə edir. Neftin qiymətindəki ucuzlaşma "qara qızıl" istehsalçısı olan Azərbaycanın milli valyutasına təzyiqləri artırır. Son bir neçə gündə Mərkəzi Bankın 250 milyon dollar itirməsi, AMB-in rəsmi valyuta ehtiyyatlarının 6 milyarddan aşağı düşməsi yaxın vaxtlarda manatın da təngə və rubl kimi eyni aqibətlə qarşılaşacağını deməyə əsas verir.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan nefti kəskin ucuzlaşdı
Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir. BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti...