SOCAR-ın "yaşıl istiqraz"larının 5-ci faiz ödənişi edilib
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "yaşıl" təyinatlı istiqrazları üzrə 5-ci faiz ödənişi edilib.
BAKU.WS "SOCAR Capital" şirkətinə istinadən xəbər verir ki, növbəti kupon ödənişi çərçivəsində istiqraz sahiblərinin hesablarına ümumilikdə 3 milyon ABŞ dolları vəsait köçürülüb. Bununla da SOCAR-ın "yaşıl" istiqrazları üzrə investorlara ödənilən ümumi gəlir 15 milyon ABŞ dollarına çatıb.
Xatırladaq ki, SOCAR-ın "yaşıl" təyinatlı istiqrazları 2025-ci il yanvarın 15-də ölkəmizin "yaşıl" enerji sahəsində həyata keçirdiyi strateji təşəbbüslərə töhfə vermək məqsədilə emissiya olunub. İllik 6 % gəlirlilik təqdim edən bu istiqrazlar 5 illik müddətə buraxılıb və investorlar tərəfindən böyük maraqla qarşılanıb.
2025-ci il martın 7-dən etibarən "Bakı Fond Birjası" QSC-də (BFB) ticarəti başlanan SOCAR-ın "yaşıl" istiqrazları daxili kapital bazarında aktivliyin artmasına mühüm töhfə verib. Bu günə qədər BFB-də həmin istiqrazlar üzrə 35,5 milyon ABŞ dollarından artıq məbləğdə 512 əqd bağlanıb.
"ABB İnvest İnvestisiya Şirkəti" QSC-nin marketmeykeri olduğu SOCAR-ın "yaşıl" təyinatlı istiqrazları bütün vergilərdən azaddır. Kupon ödənişləri hər 3 aydan bir həyata keçirilir və istiqrazlar müddətin sonunadək sahiblərinə ümumilikdə 60 milyon ABŞ dolları gəlir qazandıracaq.
Ümumilikdə, SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında aparılan ticarət həcmi 114 milyon ABŞ dolları təşkil edib. Bağlanmış əqdlərin ümumi sayı isə 1 726-ya çatıb ki, bu da BFB-də korporativ istiqrazlar üzrə baş tutan əqdlərin 32,4 %-ni təşkil edir.
SOCAR İstiqrazlarının ilk buraxılışından - 2016-cı ildən bu günədək vətəndaşlara və investorlara ümumilikdə 60 milyon 250 min ABŞ dolları məbləğində faiz ödənilib.
SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatları yalnız *1999 çağrı mərkəzi, socarcapital.az, socaristiqraz.az veb-saytları, 1 və 5 saylı "ASAN xidmət" mərkəzləri, eləcə də ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş investisiya şirkətləri vasitəsilə əldə etmək mümkündür.
Oxşar xəbərlər
OPEK+ neft hasilatı üzrə kvotaları artırır
OPEK+ qrupuna daxil olan yeddi ölkə iyul ayında neft hasilatı üzrə kvotaları sutkada 188 min barel artırmaq barədə qərar qəbul edib. BAKU.WS oxu.az-a istinadən...