"SOCAR Green" rəsmisi: "Yaşıl enerji" layihələrində insan kapitalının rolu əvəzsizdir"

SOCAR Green rəsmisi: Yaşıl enerji layihələrində insan kapitalının rolu əvəzsizdir
İqtisadiyyat 19

Bərpa olunan enerji layihələrini insan kapitalı olmadan ərsəyə gətirmək qeyri-mümkündür.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan "SOCAR Green" MMC-nin İnvestisiya və layihələrin inkişafı departamentinin direktoru Rza Nağıyev "Ədalətli keçid dialoqu: Azərbaycanda yaşıl iqtisadiyyata ədalətli keçidin təmin edilməsi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bərpa olunan enerji layihələrinin icrasında iqtisadi və texnoloji göstəricilərlə yanaşı, insan kapitalının rolu əvəzsizdir: "Biz hər hansı bir bərpa olunan enerji layihəsindən danışarkən, ağlımıza ilk gələn və normal olaraq əllə toxuna biləcəyimiz amillər daha çox texnologiya və infrastruktur olur. Yaxud da, ümumilikdə layihənin maliyyə metrikləri, onun gəlirliliyi diqqətimizi çəkir. Lakin hamımız iqtisadi modellərdən də bilirik ki, bunların heç biri insan kapitalı olmadan mümkün deyil. Ümumilikdə texnoloji kapital və innovativ texnologiyalar önəmlidir. Amma onların hamısını ərsəyə gətirən insandır. Enerji keçidi prosesində də insan faktoru gün keçdikcə daha böyük əhəmiyyət kəsb edir".

R.Nağıyev qeyd edib ki, uğurlu karyera yalnız müəyyən universitetləri bitirmək və bəzi iş təcrübələri toplamaqla məhdudlaşmır: "Bəzən cəmiyyətdə belə bir yanlış yanaşma olur ki, biz yalnız müəyyən universitetlərdə təhsil almalı, sonradan iş həyatına qədəm qoyaraq orada yalnız təcrübə toplamalıyıq. Lakin bu, belə deyil. Öyrənmə prosesi bütün səviyyələrdə - istər mütəxəssis, istərsə də direktor və daha yuxarı rəhbər mərhələlərdə davam etməlidir. Xüsusilə bugünkü reallıqları nəzərə alsaq, ortalama bir insanın əldə etdiyi informasiyanın həcmi 10 il əvvəlki dövrlə müqayisədə qat-qat çoxdur. Bu da onu göstərir ki, bizim bacarıq və biliklərimiz günün tələblərinə mütləq uyğunlaşmalıdır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər