Səməd Bəşirli: "Ölkə iqtisadiyyatı yeni keyfiyyət mərhələsinə qədəm qoyub"

Səməd Bəşirli: Ölkə iqtisadiyyatı yeni keyfiyyət mərhələsinə qədəm qoyub
İqtisadiyyat 34

"Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilən iqtisadi islahatlar, qeyri-neft-qaz sektorunun şaxələndirilməsi, biznes mühitinin təkmilləşdirilməsi, fiskal idarəetmənin optimallaşdırılması və digər tədbirlər nəticəsində ölkə iqtisadiyyatı yeni keyfiyyət mərhələsinə qədəm qoyub".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Milli Məclisinin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Azərbaycanın yeni iqtisadi modeli artıq yalnız enerjiyə deyil, biliyə, innovasiyaya və rəqəmsal iqtisadiyyatın inkişafına əsaslanır:

"Hazırkı rəqabətli dünyada, qlobal çağırışlar və yeni trendlər fonunda Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edir. Ölkəmizdə həyata keçirilən inkişaf strategiyası Azərbaycanın ərazi bütövlüyünün bərpası, beynəlxalq nüfuzunun artırılması, ölkənin sosial-iqtisadi potensialının gücləndirilməsi və rifahın yüksəldilməsini təmin edib. Ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi siyasətin nəticələri beynəlxalq reytinq agentliklərinin son hesabatlarında da təsdiqini tapır. Dünyanın iki aparıcı beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini yüksəldərək investisiya reytinqinə uyğun səviyyədə təsdiqləyib. Azərbaycan iqtisadi mövqeyinin yüksəlməsi qeyri-neft-qaz sektorunun şaxələnməsi ilə bağlıdır. Bu isə öz növbəsində bilik və bacarıq tutumlu, yüksək əlavə dəyər yaradan sahələrin inkişafı, iqtisadiyyatın mürəkkəbliyinin artması üçün möhkəm baza yaradır.

Rəqəmsal iqtisadiyyatın dövlət tərəfindən prioritetləşdirilməsi şəraitində özəl sektorun yeni tələblərə uyğunlaşması xüsusilə önəmlidir. Ölkəmizdə sahibkarlıq sahəsində inzibati prosedurların sadələşdirilməsi, güzəştlər, subsidiyalar, real sektora maliyyə dəstəyi və digər tədbirlərlə yanaşı, texnoloji inkişafı dəstəkləyən işlər görülür".

"Süni İntellekt Strategiyası çərçivəsində həyata keçirilən tədbirlər sahibkarlıq subyektlərinin rəqəmsal infrastrukturunun gücləndirilməsi və texnoloji adaptasiyasının sürətləndirilməsinə xidmət edir. Milli səviyyədə bu transformasiyanı dərinləşdirmək üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi tərəfindən "Sənaye 4.0 Hazırlıq Proqramı" bir neçə özəl şirkətdə pilot mərhələdə tətbiq edilir", - deyə nazir müavini əlavə edib.

Son xəbərlər