İran neft bazarına girdi, Azərbaycan nefti nə qədər ucuzlaşacaq?

İran neft bazarına girdi, Azərbaycan nefti nə qədər ucuzlaşacaq?
İqtisadiyyat 1578

 

Dünya siyasətinə və iqtisadiyyatına ciddi təsir edəcək tarixi bir qərara imza atıldı. ABŞ və Avropa İttifaqı İran üzərindən sanksiyaları götürdü. ABŞ Prezidenti Barak Obama müvafiq fərman imzalayıb. "Mən müəyyən etdim ki, Birgə Hərtərəfli Tədbirlər Planının nəzərdə tutduğu addımların İran tərəfindən icra olunması İranın nüvə proqramı ilə bağlı vəziyyəti əsaslı şəkildə dəyişib. ABŞ-ın sanksiyalara dair üzərinə götürdüyü öhdəliklərlə əlaqədar mən sanksiyalarla bağlı fərmanları geri çağırıram".    

Avropa İttifaqı da, öz növbəsində, İran üzərindən iqtisadi və maliyyə sanksiyalarının götürüldüyünü təsdiqləyib. Bununla bağı yazılı prosedur artıq başa çatıb. Məlumata görə, İran üzərindən bütün sanksiyaların götürülməsi barədə əvvəl razılaşdırılmış normativ çərçivələrin təsdiqlənməsi üçün bu prosedura bir neçə gün əvvəl start verilib.

ABŞ İranın üçüncü ölkələrlə neft ticarətinə tətbiq etdiyi sanksiyaları da ləğv edib.  ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyalar İran neftini əldə edən və ya İran iqtisadiyyatının neft sahəsinin tələbatları üçün müvafiq məhsullar satan üçüncü dövlətlərin nümayəndələrinin üzərindən götürüləcək. Bundan başqa, ABŞ  İrana qarşı sanksiya siyahısından 400-dək şirkət və fiziki şəxsi çıxarıb. Ən diqqət çəkçn məqam isə odur ki, İrana 50 mlrd. dollar məbləğində dondurulmuş aktivlərinə sahib olmaq hüququ verilib.

Bəs İrana qarşı sanksiyaların ləğvi dünyaya, regiona və Azərbaycana həm siyasi, həm də iqtisadi cəhətdən nə vəd edir? 

Ərəstun Oruclu: "Neftin 16-18 dollara qədər ucuzlaşması istisna deyil"

"Şərq-qərb" araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu hesab edir ki, sanksiyaların götürülməsi İranın mühüm enerji ixracatçısı kimi dünya bazarına qayıtması deməkdir. Onun sözlərinə görə, bunun da həm qlobal enerji bazarına, həm də Azərbaycanın enerji siyasətinə, iqtisadiyyatına birbaşa təsiri var.  "Bu neqativ təsirdir. Ona görə ki, neftin qiymətinin düşməsi müşahidə olunacaq. Ola bilsin ki, indiki səviyyədən xeyli aşağı olsun. Yəni bu gün enerji sahəsində nüfuzlu ekspertlər, mərkəzlər neftin barelinin 16-18 dollara qədər ucuzlaşmasını proqnozlaşdırırlar. Çünki İranın neft bazarına dönüşü həm də Tehranın Səudiyyə Ərəbistanı ilə neft-qaz rəqabətinin kəskinləşməsi deməkdir. Hər iki ölkənin nefti dünyada ən ucuz başa gələn neftdir. Müxtəlif dəyərləndirmələrə görə, Səudiyyə Ərəbistanında çıxarılan neftin maya dəyəri 1.5-8 dollar civarındadır. İranda da təxminən belədir. Deməli, rəqabət kəskinləşəcək. Həmçinin, nəzərə alaq ki, Səudiyyə Ərəbistanı Rusiyadan sonra ikinci neft ixracatçısıdır və gündəlik istehsalı 10 milyon barel həcmindədir. İran da bu həcmdə ixracı qarşısına məqsəd qoyub və sanksiyalardan əvvəlki istehsalı 6.5-7 milyon barel həcmində olub. Bu prosesin Azərbaycana neqativ təsirləri olacaq. Azərbaycanın neftdən asılılığını nəzərə alsaq, qiymətlərin kəskin ucuzlaşmasının ölkə iqtisadiyyatı üçün proqnoz verilməsi mümkün olmayan  nəticələr vəd edir". - deyə Ərəstun Oruclu bildirib. 

""İran təhlükəsi" amilini  Azərbaycan da nəzərə almalıdır"

Ekspert qeyd edir ki, artıq sanksiyalardan çıxan İranın siyasi cəhətdən də fəallaşması müşahidə olunur. "Bu gün Yaxın Şərq, Ərəbistan yarımadası bölgəsində ən böyük silah idxalçısı olan, ən böyük kapitala sahib olan Səudiyyə Ərəbistanı kimi bir dövlət Türkiyəyə sığınmağa başlayıb. Bu ölkə ilə yaxın müttəfiqliyə doğru addımlar atır, böyük həcmdə Türkiyə şirkətlərinə sifarişlər verir. Bu, əslində, loyallığa görə ödənilən puldur. Məsələn, Türkiyədən 10 milyard dollarlıq silah almağa qərar verən Səudiyyə Ərəbistanının bundan əvvəlki dönəmdə silah partnyorları arasında Türkiyə ümumiyyətlə mövcud deyildi. Bölə ki, Səudiyyə Ərəbistanının əvvəlki kimi Böyük Britaniyadan, ABŞ-dan Fransadan daha təkmil  silah almaq imkanı olduğu halda, bunu Türkiyə ilə edirsə, deməli, burada siyasi loyallıq amili var. Yəni faktiki olaraq, bölgədə İrana qarşı bir müttəfiqlik, ittifaq formalaşır: Səudiyyə Ərəbistanı və yanında olan bir neçə körfəz dövlətləri, Türkiyə, mümkündür ki, yaxın gələcəkdə bir sıra Şimali Afrika ölkələri, o cümlədən Misir İrana qarşı birləşsin. Deməli, bu ölkələr üçün "İran təhlükəsi" adlı bir amil ortaya çıxır və Azərbaycan da bunu nəzərə almaya bilməz. Yəni anlamalıyıq ki, Səudiyyə Ərəbistanı kimi bir dövlət qorunmaq üçün özünə müttəfiqlər axtarırsa, Azərbaycan bu haqda çoxdan düşünməliydi" - deyə politoloq qeyd edib.

"Azərbaycan ABŞ-la maksimal dərəcədə yaxınlaşmalı, Avro-inteqrasiya siyasətinə yenidən başlamalıdır"

Onun sözlərinə görə, Azərbaycan hazırda təklənmiş durumdadır. "Azərbaycan bu barədə ciddi-ciddi düşünməlidir. Burada nəsə icad etməyə ehtiyac yoxdur. İran-Rusiya mövqeyinin son 200 ildə Azərbaycan üçün nələri ortaya qoyduğunu çox gözəl bilirik və bunu növbəti 200 ildə təkrarlamağa ehtiyac da yoxdur. Azərbaycan ilk növbədə Türkiyə ilə çox ciddi şəkildə hərbi-strateji-siyasi əməkdaşlığa başlamalıdır. Düzdür, bu ölkə ilə müttəfiqlik var, amma çox primitiv səviyyədədir və effektli deyil. Azərbaycan ABŞ-la maksimal dərəcədə yaxınlaşmalı və ciddi siyasi dəstəyə malik olmalıdır. O cümlədən, Azərbaycan indiyə qədər rədd etdiyi avrointeqrasiya siyasətinə yenidən başlamalıdır. Təbii ki, bu dəfə Avropa bizi yaxına buraxarsa.  Bizim seçimimiz budur və başqa variantımız yoxdur. Hələlik manevr imkanlarımız o müstəvidə qalır ki, İranın neft bazarına çıxması onun həm də Rusiya ilə rəqib olması deməkdir. Yəni sanksiyaların götürülməsi İran-Rusiya münasibətlərində müxtəlif qütblərin ortaya çıxmasına səbəb olacaq. Yəni neft və Suriya məsələsində mövqe ayrılığı gündəmə gələ bilər. Bu yaxınlarda Vladimir Putin Suriya Prezidenti Bəşər Əsədə sığınacaq verilə biləcəyini bəyan etdi. Bu, əslində Suriya siyasətində ağ bayraq qaldırmaq və Qərbin tələblərini yerinə yetirməkdir. Görünür, Rusiya da bunun müqabilində müəyyən dividendlər əldə etməyə çalışır. Rusiya Prezidentinin Ukrayna məsələləri üzrə danışmanı olan Vladislav Surkovla ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Nulandın Kalininqradda keçirilən görüşündən sonra ABŞ dövlət katibinin sabiq müavini Daniel Frid açıqlama verdi ki, Rusiya üzərindən sanksiyalar götürülə bilər. Deməli, artıq müəyyən anlaşma əldə olunub. Burada indi Rusiya-İran ziddiyyətinin yaranması Azərbaycana müəyyən manevr imkanı verir. Ancaq indi manevr imkanları axtarmaq vaxtı deyil. Çünki bu imkanlar qısavədəli işləyə bilər. Əsas məsələ strateji əməkdaşlıq qurmaqdır. Formatı da dediyim kimi, Avropa Birliyi, ABŞ və Türkiyə ilə sıx əməkdaşlıqdır " - deyə Ərəstun Oruclu bildirdi. 

Natiq Cəfərli: "Azərbaycana valyuta axını, ölkənin gəlirləri zəifləyəcək, növbəti devalvasiya dalğaları qaçılmaz olacaq"

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, İrana qarşı sanksiyaların götürülməsinin dünya, xüsusilə də Avropa iqtisadiyyatına çox pozitiv təsirləri olacaq. "İran kifayət qədər böyük və ac bir bazardır. Uzun müddət təcrid olunmuş halda yaşayıb və çox böyük ehtiyacları, həmçinin böyük təbii resursları var. Sanksiyaların götürülməsi ilə əlaqədar təqribən 100 milyon dollar dondurulmuş  vəsaiti də geri qaytarıldı. Bu, İranın infrastruktura, ölkənin bu gün ehtiyacı olan böyük layihələrinə ilkin olaraq yatırım kimi sərf olunacaq. Bu əsasən Avropa şirkətləri üçün perspektiv və bazar vəd edir. Yəni 80 milyonluq ac bazar var ki, bura yatırımlar Avropa şirkətlərinin gəlirlərinin artması baxımından pozitiv nəticəyə səbəb olacaq".

N.Cəfərli qeyd etdi ki, sanksiyaların götürülməsi enerji bazarına daha ciddi təsir göstərməyə başlayıb və bu davam edəcək. "İran qaz ehtiyatlarına görə birinci yerdədir, neft ehtiyatlarına görə ilk beşliyə daxildir. Həmçinin neft ehtiyatlarının çıxarılmasının maya dəyəri İranda çox aşağıdır: 4-6 dollar arasında dəyişir.  İran net bazarında itirilmiş mövqelərini bərpa etmək üçün çox aqressiv şəkildə müdaxilə etməyi, çox ciddi endirimlər, sərfəli müqavilələrlə neft bazarına girməyi düşünür. Artıq bu müqavilələr də bağlanılır. İlkin olaraq, bazara gündəlik əlavə 500 min barel İran nefti çıxacaq. Bu ilin ortasından başlayaraq, daha 500 min barel çıxarmağı da planlayır ki, bu da ümumilikdə bazara 1 milyon barel əlavə neftin çıxması deməkdir. Bu isə neft qiymətlərini kəskin şəkildə aşağı çəkəcək, yaxud da indiki aşağı səviyyədə uzun müddət qalmasına səbəb olacaq" - deyə N.Cəfərli bildirib. 

"Dünya artıq qəbul etdi ki, neft erası başa çatıb"

Ekspert vurğulayıb ki, bu proseslərin Azərbaycana birbaşa təsiri var. "Çünki ölkəmiz neft amilindən çox ciddi çəkildə asılıdır. Bu asılılıq ixracatda 94 faiz, büdcənin formalaşmasında isə birbaşa və dolayı hesablayanda 75 faizdən çoxdur. Neftin qiymətinin aşağı olması Azərbaycana valyuta axınını, ölkənin gəlirlərini zəiflədəcək, manata olan basqıları daha da artıracaq, növbəti devalvasiya dalğalarını qaçılmaz edəcək. Gəlirlərin azalması təbii ki, ölkənin tədiyyə, ticarət  balansına ciddi təsir göstərəcək. Əvvəllər həmişə müsbət saldo olurdu. Yəni satdığımız aldığımızdan daha çox olurdu, indi isə ticarət balansımız mənfi saldo ilə bağlanmağa başlayacaq. Bu da valyutaya olan tələbatı daha da artıracaq. Çünki ölkədə demək olar ki, istehsal sahələri yoxdur, bir çox sahələrdə xaricdən asılılığımız 100 faizə qədərdir, ərzaq məhsullarında 700 faizdir. Hökumət bu rəqəmi qəbul etməsə də, reallıq bundan ibarətdir" - deyə ekspert bildirdi. 

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum yaxın vaxtda BƏƏ-dən sonuncu neft bareli ixrac edəcək. O,  "Twitter"də yazıb ki, rəhbərlik etdiyi hökumət yaxın gələcəkdə ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək üçün müzakirələrə başlayacaq. 

Natiq Cəfərli bildirir ki, BƏƏ-nin bu bəyanatında təkcə İran amili durmur. "Sadəcə dünya artıq qəbul etdi və başa düşdü ki, bahalı neft dövrü geridə qaldı. Daha qlobal götürsək, neft erası başa çatıb.  Düşünürəm ki, dünya yeni mərhələyə keçid ərəfəsindədir və yaxın illərdə biz bunu daha aydın şəkildə görəcəyik. Neft ölkələri də anlayırlar ki, neft üzərində qurulmuş iqtisadi modellər artıq dayanıqlı deyil, çox kövrəkdir və hər zaman çöküş yaşaya bilər. Ona görə də, bütün ölkələrdə qeyri-neft sektorunun inkişafı prioritet olmalıdır. O cümlədən ərəb ölkələri də bunu anlayıb və bu yolda irəliləməyi düşünürlər" - deyə N.Cəfərli "Bizim Yol" a açıqlamasında bildirdi.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər