Qonşu ölkələrdəki valyuta böhranı manata necə təsir edəcək? - PROQNOZ
07
avq
2018
10:15
Türkiyə lirəsinin rekord ucuzlaşması davam edir. Bu gün 1 dollar almaq üçün 5.27 lirə ödəmək lazımdır. Digər qonşumuz Rusiyada rubl müqavimət göstərməkdə davam etəsə də, Avrozonanın vahid valyutası ucuzlaşmaqda davam edir.BAKU.WS xəbər verir ki, məsələyə tanınmış iqtisadçı ekspert Vüqar Bayramov münasibət bildirib. Ekspert “Facebook” səhifəsində yazıb ki, cənub qonşumuzda isə “dollar panikası” yaşanmaqdadır. Lirənin ucuzlaşması Türkiyə ABŞ münasibətlərinin gərginləşməsi fonunda Ağ Evin rəsmi Ankaranın 2 təmsilçisinə sanksiyanın tətbiq etməsi və bu siyahının genişlənməsi riski ilə bağlıdır.
“Təbii ki, beynəlxalq maliyyə qurumlarının Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozlarının çox da nikbin olmaması da lirəyə təzyiqi artırır. Qardaş ölkədən valyuta axını da müşahidə edilməkdədir.Avronun ucuzlaşması isə 18 Avrozona ölkəsinin bu ilin birinci yarısı ilə bağlı makro-iqtisadi göstəriciləri elan etməsi ilə bağlıdır. Nəticələr gözləntiləri doğrultmaması konteksində dolların dünya bazarında digər valyutalara nisbətən möhkəmlənməsi də avronun kursuna təzyiq yaradır”, - deyə ekspert bildirib.Bəs qonşu ölkələrdəki valyuta krizisi fonunda manatın məzənnəsi necə dəyişəcək?
V.Bayramov deyir ki, bundan sonra da ölkədə dollara olan təlabat artacaq:“Azərbaycan Dövlət Neft Fondu iyul ayında 536,6 milyon dollar məbləğində satış etdiyini açıqlayıb. İyun ayında 439 milyon dollar satan fond ötən ay valyuta satışını 22% artırıb. Bütövlükdə, 2018-ci ilin 7 ayı ərzində isə Neft Fondu 3 milyard 511,1 milyon dollar satıb. Ötən ilin eyni dövründə bu rəqəm 1 milyard 940 min manat idi. Yəni, bu ilin 7 ayında Neft Fondu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 1.8 dəfə çox dollar satıb. Bu isə 2018-ci ildə dolların tələbin artıdığından xəbər verir”.Ekspertin sözlərinə görə, idxalın artması fonunda bu ayda dollara tələbin yüksək olacağı gözlənilir:“Bütövlükdə, manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olsa da neftin qiyməti və ticarət tərəfdaşlarımız içərsində Rusiya rublu milli valyutamızın kursuna birbaşa təsir göstərir.
Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faizə malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını alır. İqtisadiyyatımızda aparıcı olan neft sektoru məşğulluğun 7 faizini formalaşdırdığından bizim üçün 1.5 milyard dollarlıq illik qeyri-neft ixracatı məşğulluğun, xüsusən də regionlarda iş yerlərinin saxlanması baxımdan çox vacibdir.Bu baxımdan, manatın məzənnəsində neftin qiyməti həlledici olsa da qeyri-neft ixracatı baxımdan yeganə factor deyil. Bu baxımdan, Rusiyadakı iqtisadi vəziyyətin necə dəyişməsi bizim valyuta bazarımız üçün az təsirli deyil. Türkiyə isə qeyri-neft ixracatımzın 26, ümumu ticarət dövriyyəmizin isə 13 faizini formalaşdırır”.V.Bayramov onu da vurğulayıb ki, rubl ilə müqayisədə Azərbaycan Mərkəzi Bankının lirənin manata təsirlərini marjinallaşdırmaq imkanları daha genişdir:
“Amma əgər, lirə daha kəskin ucuzlaşarsa o zaman Mərkəzi Bank fərqli ssenarilər həyata keçirməlidir. Növbəti aylarda isə dekabrda dollara tələbin artacağı gözlənilir. Bu həmin özəl və dövlət müəsssisələrin xarici borc öhdəliklərinin yerinə yetirməsi, idxalın artması və səfərlərin çoxalması kimi faktorlar ilə bağlıdır.Amma yenə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın siyasətindən asılı olacaq. Neftin mövcud qiymətini məqbul hesab edən Mərkəzi Bank valyuta bazarında dominantlığını qoruyub saxlayır.Bununla belə, bütün bunlara və eləcə də elə baş bankın özündən gələn açıqlamalara baxmayaraq Mərkəzi Bank tam üzən məzənnə rejiminə keçməyə heç də tələsmir”.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Türkiyədə dollar həyəcanı: Lirə rekord həddə ucuzlaşdı
Amerika Birləşmiş Ştatlarının pul vahidi dollar Türkiyədə bahalaşmaqda davam edir.BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gecə beynəlxalq maliyy...