"Qazaxıstan Dəmir Yolları": 2025-ci ildə Çindən TBNM ilə 600 konteyner qatarının göndərilməsi planlaşdırılır
Son illərdə geosiyasi çağırışlar fonunda Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM), digər adı ilə tanınan Orta Dəhlizə xüsusi önəm verir.
Avrasiya qitəsinin mərkəzində yerləşən bu ölkə üçün ixrac mallarını dünya bazarlarına çatdırmaq üçün alternativ nəqliyyat marşrutlarının olması milli təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır.
"Qazaxıstan Dəmir Yolları" Səhmdar Cəmiyyəti yanında "İnteqrasiya edilmiş Planlaşdırma Direktorluğu"nun direktor müavini Alibi Tulegenov "Report"a müsahibəsində TBNM-in hazırkı inkişaf mərhələsi və perspektivləri barədə danışıb.
- Ötən il TBNM üzrə yükdaşımaların nəticələri necə olub?
- Transxəzər marşrutu Qazaxıstan və Azərbaycanın liderlərinin xüsusi diqqət mərkəzindədir. Hər iki ölkə tranzit potensialını inkişaf etdirmək və ticarət əlaqələrini genişləndirməkdə maraqlıdır. Bu əməkdaşlıq yalnız ikitərəfli deyil, həm də beynəlxalq ticarət üçün geniş perspektivlər açır.
Rəqəmlərlə desək, 2024-cü ildə Orta Dəhliz vasitəsilə 3,3 milyon ton yük daşınıb ki, bu da 2023-cü illə müqayisədə 21 % artım deməkdir. Bu artım əsasən Qazaxıstanın ixracının genişlənməsi hesabına mümkün olub - ixrac həcmi də 21 % artıb. Hazırda Transxəzər marşrutunun dəmir yolu seqmentinin ötürücülük qabiliyyəti ildə 6 milyon ton təşkil edir. Lakin planlarımızda bu göstəricini dəhlizin bütün infrastrukturu - dəmir yolu və limanlar - hesabına ildə 10 milyon tona çatdırmaq var.
2024-cü ildə Çinin Sian şəhərində Qazaxıstan-Çin yük terminalının istifadəyə verilməsi ilə Orta Dəhliz üzrə Çindən konteyner tranziti xeyli artıb. İlin yekunlarına görə 358 konteyner qatarı göndərilib ki, bu da əvvəlki dövrlə müqayisədə 33 dəfə çoxdur. 2025-ci ildə Çindən Orta Dəhliz vasitəsilə təxminən 600 konteyner qatarının göndərilməsi planlaşdırılır. Bu isə marşrutun potensialından xəbər verir.
Hazırda əsas prioritetlərdən biri tranzit vaxtını azaltmaqdır. Bunun üçün Qazaxıstan və Azərbaycanın nəqliyyat şirkətləri gəmi və qatarların hərəkət qrafikini koordinasiya edir, əməliyyatların əlaqələndirilməsini gücləndirir və gözlənilməz gecikmələrin qarşısını almaq üçün tədbirlər görür.
- Qazaxıstan TBNM vasitəsilə hansı mallarını ixrac edir?
- Ənənəvi olaraq Qazaxıstanın ixrac yük axınında neft-kimya məhsulları, qara və əlvan metallar, kömür, taxıl və digər məhsullar üstünlük təşkil edir. Bununla yanaşı, Qazaxıstan neft ixracını şaxələndirmək üçün də Orta Dəhlizdən istifadə edir.
- Qazaxıstan və Azərbaycan şirkətləri qarşılıqlı əlaqəni necə qurur və hansı çətinliklərlə üzləşirlər?
- Qazaxıstan və Azərbaycan dəmir yolu qurumlarının əsas vəzifəsi yük axınlarının birgə planlaşdırılması və səmərəli bölüşdürülməsidir. Bu, xüsusilə Aktau və Ələt limanlarında tıxacların qarşısını almaq baxımından vacibdir.
Çətinliklərə gəlincə, bir neçə əsas məsələ diqqət çəkir. Birinci məsələ yüklərin nəzarət proseslərinin rəqəmsallaşdırılması ilə bağlıdır. Bu, müxtəlif ölkələrin normativ, texniki və qanunvericilik standartlarının uyğunlaşdırılmasını tələb edir. Beynəlxalq daşımaların iştirakçıları rəqəmsal sistemlərin inteqrasiyası üçün müxtəlif yanaşmalar tətbiq edir ki, bu da həm koordinasiyanı, həm də güclü mütəxəssislərin iştirakını tələb edir.
İkinci problem kiber təhlükəsizlikdir. Rəqəmsal həllərin genişlənməsi ilə məlumatların və infrastrukturun təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlərə ehtiyac yaranır.
Üçüncü məsələ - logistika zəncirinin iştirakçılarının maraqlarını uzlaşdırmaq. Buraya yükgöndərənlər, terminallar və gömrük orqanları daxildir. Yüklərin fasiləsiz daşınmasını təmin etmək üçün bütün bu tərəflər arasında yüksək səviyyədə koordinasiya və vəziyyətin daimi monitorinqi tələb olunur.
- Yaxın vaxtlarda azərbaycanlı tərəfdaşlarla hansı görüşlər planlaşdırılır və hansı məsələlər müzakirə olunacaq?
- "Qazaxıstan Dəmir Yolları" və "Azərbaycan Dəmir Yolları" Orta Dəhlizin potensialının artırılması ilə bağlı müntəzəm olaraq dialoq aparır. TBNM Beynəlxalq Assosiasiyası çərçivəsində keçirilən iclaslarda marşrutun inkişafı ilə bağlı əsas məsələlər müzakirə edilir, mövcud problemlər təhlil olunur və gələcək əməkdaşlıq üçün strateji prioritetlər müəyyənləşdirilir.
TBNM Beynəlxalq Assosiasiyasının növbəti ümumi və işçi qrupun iclası 2025-ci ilin fevralında Bakıda keçiriləcək. Bu görüşdə həm əvvəlki dövrün nəticələri təhlil ediləcək, həm də mövcud çağırışlar və marşrutun daha da inkişafı üçün atılacaq addımlar müzakirə olunacaq.
Oxşar xəbərlər
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclasının vaxtı məlum olub
Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci toplantısı və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü...