Kreditlərə çıxış asanlaşa bilər - Pul kütləsinin artmasının MÜSBƏT TƏRƏFLƏRİ
"Pul kütləsinin dövriyyədə artması ilk növbədə inflyasiya təzyiqlərini gücləndirə bilər. Bu isə manatın alıcılıq qabiliyyətinə birbaşa təsir göstərən amillərdən biridir. Yəni bazarda pul çoxaldıqca, məhsul və xidmətlərə tələbat artır, nəticədə qiymətlərdə yüksəliş müşahidə oluna bilər".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, bu prosesin müsbət tərəfləri də mövcuddur. Əgər pul kütləsinin artırılması iqtisadi fəallığın genişləndirilməsi məqsədilə həyata keçirilən təşviq proqramları ilə paralel aparılarsa, bu, iqtisadiyyat üçün əlavə imkanlar yarada bilər:
"Belə olan halda yeni şirkətlər fəaliyyətə başlayar, istehsal həcmləri artar, xidmət sektoru genişlənər, qarşılıqlı hesablaşmalar və ödənişlər çoxalar. Nəticədə iqtisadi dövriyyədə canlanma baş verər.
Digər mühüm məqam kredit bazarı ilə bağlıdır. Hazırda kommersiya bankları kreditləşmə şərtlərini əvvəlki dövrlərlə müqayisədə daha sərt tətbiq edir. Bu səbəbdən kredit fəallığında müəyyən zəifləmə müşahidə olunur. Dövriyyədə pul vəsaitinin artması kredit resurslarının əlçatanlığını yüksəldə, həm biznes subyektlərinin, həm də vətəndaşların maliyyə imkanlarını genişləndirə bilər. Bu isə öz növbəsində istehlaka, investisiyalara və sahibkarlıq fəaliyyətinə müsbət təsir göstərə bilər".
AQC səsdri əlavə edib ki, dövlətin həyata keçirdiyi iri infrastruktur layihələrinin maliyyələşdirilməsi baxımından da əlavə likvidlik müəyyən üstünlüklər yarada bilər.:
"Xüsusilə işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan layihələrin davamlı maliyyələşdirilməsi üçün bazarda maliyyə resurslarının kifayət qədər olması əhəmiyyətlidir. Dövriyyədə pul vəsaitinin çoxalması dövlət xərclərinin maliyyələşdirilməsi imkanlarını da genişləndirə bilər.
Lakin risklər də kifayət qədər ciddi ola bilər. İlk növbədə inflyasiya təzyiqi güclənə, manatın alıcılıq qabiliyyəti zəifləyə bilər. Eyni zamanda daşınmaz əmlak bazarında qiymət artımlarının sürətlənməsi ehtimalı da mövcuddur. İqtisadi fəallıq və alqı-satqı əməliyyatları artdıqca, vətəndaşların investisiya məqsədilə əmlaka yönəlməsi çoxalır ki, bu da mənzil və kommersiya obyektlərinin qiymətlərinin yüksəlməsinə səbəb olur.
Digər tərəfdən, inflyasiya nəticəsində banklarda yerləşdirilmiş əmanətlərin real dəyərində azalma baş verir. Dövriyyəyə əlavə pul buraxıldıqca, inflyasiya qanunlarına uyğun olaraq əmanətlərin alıcılıq qabiliyyəti müəyyən qədər zəifləyə bilər".
V,Oruc sonda qeyd edib ki, pul kütləsinin artmasının nəticələri təkcə emissiyanın həcmi ilə müəyyən olunmur:
"Burada paralel həyata keçirilən iqtisadi siyasət xüsusi əhəmiyyət daşıyır. Məsələn, ölkəyə xarici valyuta axınının artması, böyük investisiya layihələrinin icrası və yeni müqavilələrin bağlanması bu təsirləri balanslaşdıra bilər. Son dövrlərdə enerji sektorunda milyardlarla dollar dəyərində yeni layihələrin reallaşdırılması istiqamətində atılan addımlar da məhz bu baxımdan əhəmiyyətlidir.
Əgər ölkəyə investisiya axını güclənərsə, iqtisadi aktivliyi artıran institusional islahatlar həyata keçirilərsə, sahibkarlığın inkişafı, kredit əlçatanlığı, əmlak reyestrlərinin təkmilləşdirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində addımlar atılarsa, pul kütləsinin artımı iqtisadi artıma xidmət edə bilər.
Lakin iqtisadi aktivlik olmadan, yalnız pul emissiyasının artırılması uzunmüddətli perspektivdə ciddi inflyasiya riskləri yarada bilər. Buna görə də hökumət pul siyasəti ilə yanaşı investisiyaların cəlb olunması, yeni iqtisadi layihələrin icrası və biznes fəallığının genişləndirilməsi istiqamətində tədbirləri paralel şəkildə həyata keçirməlidir. Yalnız bu halda pul kütləsinin artırılmasının müsbət təsirləri üstünlük təşkil edə bilər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Ən böyük xərc maddəsi: Azərbaycanda bir istiqamət üzrə 25 milyard manat ayrılıb
"Keçmiş məcburi köçkünlərin sosial təminatı hər zaman Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən olub". BAKU.WS xəbər verir ki, bu fi...