Maştağalı ağsaqqal: "Atamın yanında uşağımı qucağıma götürməmişəm"

Maştağalı ağsaqqal: Atamın yanında uşağımı qucağıma götürməmişəm
Video
Sosial 17

Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı Maştağa sakini Mehdi Hüseynov olub.

Keçmişdəki ailə, dostluq və qonşuluq münasibətlərindən danışan Mehdi Hüseynovun sözlərinə görə, uşaqlıq illərində böyüklərə hörmət, qonaqpərvərlik və insanlara kömək etmək kimi dəyərlər xüsusi əhəmiyyət daşıyıb.

Maştağa sakini bildirib ki, atasının yanında öz övladını qucağına belə götürməyib:

"Mən uşağı atamın qabağında qucağıma götürməmişəm. O vaxt belə bir adət var idi. Bu gün də həmin adətlər müəyyən yerlərdə qorunub saxlanılır, amma hər yerdə yox. Demək olar ki, bəziləri artıq itmək üzrədir".

Mehdi Hüseynov bu ənənələrin onun həyatına da təsir etdiyini və məhz buna görə gec evləndiyini bildirib:

"Mən həmişə özümdən böyüklərlə oturub-durmuşam. Bir az gec evlənmək qərarına gəldim".

Mehdi Hüseynov ailədə böyüklərin rolunun vacib olduğunu vurğulayaraq valideynlərin qocalar evinə yerləşdirilməsinə etiraz edib:

"Göydə Allah, yerdə valideyn. Mən başa düşə bilmirəm ki, bu gün atanı necə aparıb qocalar evinə qoymaq olar. Bu nə qədər düzdür? Kim gedəndə özü ilə ev-eşik aparıb? O sənin üçün ev tikib, səni evləndirib, oxudub".

O, atasının xəstəxanada olduğu vaxt yaşadığı ağır günləri də xatırlayıb:

"Atamı 2002-ci ildə xəstəxanaya apardılar. On gün orada gecə-gündüz əmimlə maşında yatdım. Yaxınlarım, dostlarım gəlirdilər, lazım olan hər şeyi gətirirdilər. Mən oradan tərpənmirdim".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər