Orxan Nəzərli: İqtisadiyyat artsa da, vergi daxilolmaları daha yüksək templə yüksəlib
"Dövlət büdcəsi əsasən iki mənbədən – neft-qaz və qeyri-neft-qaz gəlirlərindən formalaşır. Son illər neft-qaz gəlirlərinin dövlət büdcəsində xüsusi çəkisinin azalması və qeyri-neft-qaz gəlirlərinin artması ölkənin maliyyə dayanıqlığının gücləndiyini göstərən mühüm göstəricilərdən biridir".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və REAL Televiziyasınıa müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib.
Onun sözlərinə görə, neft və qaz gəlirləri təbii resurslara əsaslandığı üçün məhdud xarakter daşıyır:
"Digər tərəfdən, bu məhsullar dünya bazarlarında satılır və onların qiymətinə ölkələrin təsir imkanları məhduddur. Buna görə də həmin gəlirlər dəyişkəndir və qlobal bazarlardakı qiymətlərdən asılı olaraq artıb-azala bilər. Belə şəraitdə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və büdcə gəlirlərinin şaxələndirilməsi strateji əhəmiyyət daşıyır.
Qeyri-neft-qaz gəlirlərinin artması uzun illər ərzində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi siyasətin nəticəsidir. Bunun əsasını iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun genişlənməsi təşkil edir.
Vergi inzibatçılığı baxımından bu, vergi bazasının genişlənməsi deməkdir. Başqa sözlə, iqtisadiyyat böyüyüb, iqtisadi əməliyyatların həcmi və mürəkkəbliyi artıb. Statistik göstəricilər də bunu təsdiqləyir. Hazırda ölkədə 880 mindən çox aktiv vergiödəyicisi, 61 mindən çox aktiv ƏDV ödəyicisi və 242 mindən artıq aktiv təsərrüfat subyekti fəaliyyət göstərir. Bu göstəricilər iqtisadiyyatın genişlənməsinin birbaşa nəticəsidir.
Son 7 ilin göstəricilərinə nəzər salsaq, ümumi vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 67 faizdən 80 faizə yüksəlib. Bu, kifayət qədər əhəmiyyətli artımdır.
Biz yalnız dövlət büdcəsindəki mütləq göstəricilərə deyil, həm də vergi daxilolmalarının ümumi daxili məhsuldakı payına diqqət yetiririk. Həmin dövrdə vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi 9,4 faizdən 12,7 faizə yüksəlib".
Orxan Nəzərli əlavə edib ki, bu göstərici yalnız vergi daxilolmalarını əhatə edir:
"Beynəlxalq metodologiyaya əsasən fiskal yük hesablanarkən gömrük daxilolmaları və sosial ödənişlər də nəzərə alınır. Həmin yanaşma əsasında hesablamalar göstərir ki, son 7 il ərzində fiskal daxilolmaların ÜDM-də xüsusi çəkisi 5-6 faiz artıb. Başqa sözlə, iqtisadiyyat artsa da, vergi daxilolmaları daha yüksək templə yüksəlib.
Bu nəticələrin əsas səbəbi sahibkarların könüllü vergi öhdəliklərini daha geniş şəkildə yerinə yetirməsidir. Biznes subyektləri artıq fəaliyyətlərini leqal müstəvidə qurmağı daha əlverişli hesab edirlər. Həyata keçirilən islahatlar və tətbiq olunan stimullaşdırıcı mexanizmlər də öz müsbət nəticəsini verir.
Göstərilən 5–6 faizlik artımın strukturuna baxdıqda görürük ki, bunun təxminən 2–3 faizi sosial ödənişlərin artımının payına düşür. Artımın digər əhəmiyyətli hissəsi isə mənfəət vergisi və əlavə dəyər vergisi üzrə daxilolmaların artımı hesabına formalaşıb.
Sosial ödənişlərdə müşahidə olunan artım, ilk növbədə, 2019-cu ildən tətbiq edilən əmək gəlirlərinə dair yeddiillik vergi güzəştlərinin və Dövlət Vergi Xidmətində həyata keçirilən rəqəmsal transformasiya tədbirlərinin nəticəsi kimi qiymətləndirilə bilər".
Oxşar xəbərlər
Orxan Nəzərli: "Biz istəyirik ki, sahibkar vaxtını bəyannamələrin doldurulmasına deyil, fəaliyyətinə yönəltsin"
"Bu, həqiqətən də belədir və mən bunu anlayışla qarşılayıram. Lakin kameral vergi yoxlamalarının digər vergi nəzarəti tədbirlərindən əsas fərqi ondan ibarətdir...