Ömər Bulut: "Azərbaycan və Türkiyə ekologiya və şəhərsalma sahəsində yeni saziş imzalayacaq"

Ömər Bulut: Azərbaycan və Türkiyə ekologiya və şəhərsalma sahəsində yeni saziş imzalayacaq
İqtisadiyyat 10

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan və Türkiyə sabah ekologiya, şəhərsalma və ərazilərin inkişafı sahəsində yeni saziş imzalamağı planlaşdırır.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a WUF13 çərçivəsində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında dövlət idarəçiliyinin demək olar ki, bütün istiqamətləri üzrə artıq yüksək səviyyəli koordinasiya formalaşıb.

"Müdafiə sənayesindən başlayaraq turizm sektoruna qədər, kənd təsərrüfatından tikinti sahəsinə qədər - iki dövlət hər zaman "bir millət - iki dövlət" prinsipi ilə hərəkət edib. Bizim sahəmiz ekologiya və şəhərsalma məsələlərini əhatə edir. Bu kontekstdə Azərbaycanın Türkiyəyə investisiyaları, xüsusən də zəlzələ dövründəki dəstəyi bizim üçün xüsusi dəyərə malikdir", - nazir müavini bildirib.

Ö. Bulut vurğulayıb ki, Türkiyə sosial mənzil və müasir şəhərsalma layihələrinin həyata keçirilməsi təcrübəsini azərbaycanlı həmkarları ilə aktiv şəkildə bölüşür.

"Məlum olduğu kimi, Qarabağ bölgəsi artıq yeni məskunlaşma üçün açıqdır. Bu ərazilər uzun illər işğal altında olduğundan, onların bərpası istiqamətində ölkələrimiz arasında sıx əməkdaşlıq qurulub. Azərbaycan və Türkiyə prezidentlərinin danışıqlarının yekunlarına əsasən, həlli tələb olunan bütün məsələlər aidiyyəti səviyyədə ətraflı müzakirə olunur", - o deyib.

Ö. Bulutun sözlərinə görə, ölkələr arasında əməkdaşlıq həm Qarabağın işğaldan azad edilmiş ərazilərinin bərpasını, həm də Bakı daxil olmaqla, Azərbaycanın digər regionlarında layihələrin həyata keçirilməsini əhatə edir.

"Biz bundan sonra da hər iki ölkə üçün faydalı olacaq layihələri həyata keçirmək niyyətindəyik. Burada söhbət mənfəətdən çox, qardaşlıqdan, strateji tərəfdaşlıqdan və birgə inkişafdan gedir," - nazir müavini əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər