Nərgiz Qaracayeva: Azad edilmiş ərazilər Azərbaycanın "yaşıl iqtisadiyyatı"nın inkişafına töhfə verəcək
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğun olaraq 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 % azaltmağı və azad edilmiş ərazilərdə sıfır emissiya zonası yaratmağı planlaşdırır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Nərgiz Qaracayeva Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, azad edilmiş ərazilər "yaşıl enerji" zonaları kimi müəyyən edilib və alternativ enerji mənbələrinə keçid, karbon neytrallığına nail olma üzrə milli proqramın əsas elementi kimi nəzərdən keçirilir: "Bu strategiya çərçivəsində ölkə 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 % azaltmaq və sıfır emissiyalı ərazi formalaşdırmaq niyyətindədir".
N.Qaracayeva vurğulayıb ki, regionun təbii potensialından dayanıqlı və "yaşıliqtisadiyyat"ın inkişafı üçün fəal şəkildə istifadə olunur: "Xüsusilə, Zəngilan və Qubadlıda "təmiz enerji" istehsalına imkan verən su resursları cəlb edilib. Oxuçuçay çayı üzərində ümumi gücü 42 MVt olan və Zəngilan şəhərini elektrik enerjisi ilə tam təmin edəcək dörd kiçik su elektrik stansiyası artıq tikilib".
O, həmçinin regionda günəş enerjisinin əhəmiyyətli potensialını qeyd edib: "Günəşli günlərin çoxluğu və günəş radiasiyasının yüksək səviyyəsi sayəsində müvafiq layihələr həyata keçirilir: Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyası (GES) tikilir, eləcə də ümumi gücü 100 MVt olan GES-in istismara verilməsi planlaşdırılır".
Bundan əlavə, Araz çayı üzərindəki "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyaları Şərqi Zəngəzurun "yaşıl enerji"sinin inkişafına töhfə verir.
Nümayəndənin sözlərinə görə, bu təşəbbüslər regionun "yaşıl enerji" mərkəzinə çevrilməsi üzrə milli strategiyaya tam uyğundur, təbii sərvətlərin, su hövzələrinin və biomüxtəlifliyin qorunması məsələləri isə ölkənin dayanıqlı inkişafı çərçivəsində prioritet olaraq qalır.
Oxşar xəbərlər
Səudiyyə rəsmisi: Biz artıq 1000 deyil, 1 milyon ev üçün qiymət danışığı aparırıq
"Biz artıq 1 000 deyil, 1 milyon ev üçün qiymət danışığı aparırıq". BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən "Mənzil Maliyyələ...