Nazirlik: "Prezidentin bu qərarından sonra ucuzlaşma olacaq"
Azərbaycan Respublikası Prezidentinin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamı bu il vergi sahəsində əsaslı aparılacaq islahatlara yol açacaq.
Vergilər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında əlavə dəyər vergisi ilə bağlı məqamlar xüsusi diqqət çəkir. Məsələn, sərəncamda qeyd olunur ki, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq.
Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları 1999-cu ildən torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin ödənilməsindən azad edilib. Hazırda pərakəndə satışı zamanı həmin məhsulların dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilir. Bununla yanaşı, ƏDV ödəyicisi olmayan şəxslərdən alınmış mallar da ticarət şəbəkələri tərəfindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilməklə satılır. Bunun nəticəsində kənd təsərrüfatı məhsullarının qiymətlərində süni artımın olması onların ticarət dövriyyəsinə mənfi təsir göstərir.
Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ƏDV tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği əsasında müəyyən edilir. Vergi Məcəlləsində ƏDV tutulan əməliyyatın dəyərinin müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığından ticarət şəbəkələri ümumi dövriyyədən ƏDV hesablamalı olurlar ki, bu da pərakəndə satış qiymətində bahalaşmaya səbəb olur. Yeni islahatlar isə bu sahəni əhalinin və sahibkarın xeyrinə tənzimləyəcək.
Vergilər Nazirliyindən bildirilib ki, ƏDV son istehlakçıdan alınan istehlak vergisidir və bu verginin ticarət əlavəsindən hesablanması qiymətlərin aşağı düşməsilə nəticələnməlidir. Bu da sahibkarın dövriyyəsinin, son nəticədə isə mənfəətinin artmasına müsbət təsir göstərəcək. Ona görə də pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-dən azad olunan mallar və ƏDV ödənilməklə alınmış malların hər birinin uçotunu ayrı-ayrılıqda aparmaldır. Əgər uçotu aparılmazsa, ƏDV ümumi dövriyyəyə tətbiq olunacaq. Buna görə ƏDV-nin ticarət əlavəsindən hasablanması sosial xarakterlidir.
Bu istiqamətdə sərəncamdan irəli gələn məsələlər pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin dairəsinin dəqiq müəyyənləşdirilməsini zəruri edir. Hazırda topdansatış fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən malların satışı zamanı əksər hallarda ciddi hesabat blanklarından istifadə edilmir. Bununla yanaşı, həmin obyektlərdən malların pərakəndə qaydada da satışı həyata keçirilir və bu onların vergitutma obyektinin müəyyən edilməsində çətinliklər yaradır. Həmin səbəbdən topdan və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsinə zərurət yaranır.
Ekspertlərin fikrincə, bu addım, topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyiciləri üçün daha konkret meyar və ya sərhədlərin müəyyənləşdirilməsi və fərqli vergi yüklərinin müəyyənləşdirilməsinə səbəb olacaq. Ticarət növləri üzrə fərqli vergi güzəştləri tətbiq edilə bilər ki, bu da öz növbəsində sağlam rəqabət mühitinə yol açacaq.
Əlavə dəyər vergisi ilə bağlı digər məqam ondan ibarətdir ki, islahatların davamı olaraq, ölkədə aparılan sosial siyasət bir sıra istehlak mallarının qiymətlərinin həmin mallara 18 faiz dərəcə ilə tətbiq edilən ƏDV-nin differensiallaşdırılması yolu ilə tənzimlənməsini nəzərdə tutur. Beynəlxalq təcrübədə bir sıra mallara, o cümlədən uşaq qidalarına, məktəbli ləvazimatlarına, dərman vasitələrinə, əlillər üçün tibbi məhsullara və avadanlıqlara, kitablara və bir sıra xidmət növlərinə ƏDV-nin diffrensiallaşdırılmış dərəcəsi tətbiq edilir. Bu məqsədlə, beynəlxalq təcrübə öyrənilərək Vergi Məcəlləsinə müvafiq dəyişikliklər olunacaq.
Ekspertlərin qənaətinə görə, ƏDV-nin differensiallaşdırılması stimullaşdırıcı xarakter daşıyır. Differensial ƏDV ilə kiçik sahibkarlığın inkişafına imkan yaranır, müəssisə daha çox böyüməyə meylli olur. Eyni zamanda, bu addım sahibkarlıq subyektlərinin sayının artmına gətirib çıxarır. Sahibkarlıq subyektlərinin sayı artdıqca da vergi ödəyicilərinin sayı artmış olur.
Ümumiyyətlə, differensiallaşma iqtisadiyyatın optimallaşmasına, prioritet sektorların inkişafına və bu da, nəticədə, sahibarklara və istehlakçılara faydalı olacaq.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan vergi yükünü azaldacaq
Azərbaycanda həyata keçirilməsi planlaşdırılan vergi islahatlar üç istiqamətdə aparılacaq. "Report” xəbər xəbər verir ki, bu barədə Vergilər Nazirliyində keçi...