Nazir müavini: "SOCAR bacarıq ixrac edən şirkətə çevrilir"
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bacarıq ixrac edən şirkətə çevrilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda Bakıda keçirilən "Technovation" Forumunda bildirib.
Onun sözlərinə görə, 2020–2025-ci illər arasında Azərbaycanda təbii qaz hasilatında əhəmiyyətli artım müşahidə olunub: "Lakin ehtimal ki, biz yaxın gələcəkdə bu miqyasda kəskin artımı yenidən görməyəcəyik. SOCAR ilə bağlı müşahidələr isə çox yaxşı bir nümunədir və mən əvvəl dediklərimə istinad edirəm. SOCAR Sovet standartları dövründə formalaşarkən, həmin dövr üçün kifayət qədər inkişaf etmiş bir şirkət idi. Lakin eyni zamanda maliyyə və texnologiya baxımından xarici dəstəyə arxalanırdı və bunun müqabilində böyük ödənişlər edirdi.
Bu gün isə SOCAR-ın fəaliyyətində fərqli bir tendensiya müşahidə olunur. Şirkət Azərbaycanla yanaşı Gürcüstan, Türkiyə və İtaliya daxil olmaqla bir sıra Avropa ölkələrində dəyər zəncirinin müxtəlif mərhələlərinə inteqrasiya olunur".
"SOCAR artıq yalnız neft və qaz hasil edib satan bir qurum deyil, öz bacarıqlarını ixrac edən bir şirkətə çevrilir. Söhbət artıq təkcə neft və qazdan deyil, həm də bilik, idarəetmə və texnoloji kompetensiyaların ixracından gedir. Məncə, iqtisadi inkişafın ən mühüm göstəricisi də məhz budur - bir ölkənin insan kapitalında toplanmış bacarıqları qlobal bazarda sata bilməsi", - deyə nazir müavini əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,09 ABŞ dolları və ya 1,14 % arataraq 96,36 ABŞ dolları təşkil edib. Bu barədə BA...