Qara dənizdə təhlükə, Orta Dəhlizdə fürsət: Azərbaycan üçün yeni imkanlar yaranır?
Qara dənizdə ticarət gəmilərinə qarşı hücumların artması beynəlxalq dəniz daşımalarının təhlükəsizliyini ciddi təhdid etməyə başlayıb.
Rusiya-Ukrayna müharibəsi fonunda dəniz marşrutlarının riskli zonaya çevrilməsi yükdaşımaların bahalaşması və təchizat zəncirlərinin pozulması ilə yanaşı, alternativ nəqliyyat dəhlizlərinin strateji əhəmiyyətini də artırır.
Bəs Qara dənizdəki təhlükəsizlik böhranının geosiyasi və geoiqtisadi hansı mənfi təsirləri var?
BAKU.WS xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Roza Bayramlı bildirib ki, Qara dənizdə ticarət gəmilərinə qarşı hücumların intensivləşməsi beynəlxalq dəniz ticarətinin təhlükəsizliyi və Avrasiya nəqliyyat-logistika sisteminin dayanıqlılığı baxımından ciddi narahatlıq doğurur:
"Rusiya-Ukrayna müharibəsinin davam etməsi nəticəsində Qara dəniz artıq yalnız hərbi qarşıdurma məkanı deyil, həm də beynəlxalq təchizat zəncirlərinin təhlükəsizliyinə birbaşa təsir göstərən yüksək riskli nəqliyyat zonasına çevrilib. "Financial Times" nəşrinin dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış "Ambrey" şirkətinin və Beynəlxalq Dəniz Təşkilatının məlumatlarına istinadən oktyabrın 25-də yaydığı xəbərə görə, 2026-cı ilin əvvəlindən Qara dənizdə 570-dən çox gəmi hücuma məruz qalıb, azı 40 dənizçi həyatını itirib. Müqayisə üçün Hörmüz boğazı və ətraf regionda 24 dənizçinin ölümü qeydə alınıb. Təkcə iyul-sentyabr aylarında Qara dənizdə təxminən 387 gəminin hücuma məruz qalması vəziyyətin nə dərəcədə kəskinləşdiyini göstərir. "Ambrey"in qiymətləndirməsinə əsasən, son ay yarım ərzində gəmiçiliyə qarşı hücumların təxminən 90 faizi Rusiya qüvvələri ilə əlaqələndirilir. Problemin əsas mənbəyi Rusiyanın Ukraynaya qarşı müharibəsi və hərbi əməliyyatların Qara dənizdə mülki gəmiçiliyə yaratdığı təhlükələrdir. Bununla yanaşı, Ukraynanın Rusiya gəmilərinə və dəniz infrastrukturuna qarşı həyata keçirdiyi əməliyyatlar da regionda ümumi təhlükəsizlik vəziyyətinə təsir göstərir. Beləliklə, hərbi qarşıdurmanın dəniz məkanına yayılması beynəlxalq ticarət üçün riskləri daha da artırır".
"Qara dəniz Avropa və Asiya arasında taxıl, enerji resursları, metallurgiya məhsulları və digər strateji yüklərin daşınmasında mühüm rol oynayır. Buna görə də burada təhlükəsizlik vəziyyətinin pisləşməsi yalnız region ölkələrinə deyil, qlobal ticarətə də təsir göstərir. Gəmilərə qarşı hücumlar sığorta xərclərinin artmasına, daşımaların bahalaşmasına, limanların fəaliyyətində fasilələrə və təchizat zəncirlərinin pozulmasına səbəb olur. Xüsusilə hərbi risk sığortasının bahalaşması və daşımaların proqnozlaşdırılmasının çətinləşməsi beynəlxalq logistika şirkətlərini alternativ marşrutlar axtarmağa sövq edir", - ekspert vurğulayıb.
Onun sözlərinə görə, mövcud təhlükələrin azaldılması üçün ilk növbədə mülki gəmiçiliyin beynəlxalq hüququn tələblərinə uyğun qorunması, ticarət gəmilərinə və mülki liman infrastrukturuna hücumların dayandırılması, dəniz minalarının təmizlənməsi və region ölkələri arasında təhlükəsizlik koordinasiyasının gücləndirilməsi vacibdir:
"Xüsusilə Türkiyə, Rumıniya və Bolqarıstan arasında dəniz təhlükəsizliyi və mina əleyhinə əməkdaşlığın genişləndirilməsi praktik əhəmiyyət daşıyır. Bununla belə, uzunmüddətli təhlükəsizliyin təmin olunması müharibənin siyasi-diplomatik həlli ilə birbaşa bağlıdır. Digər mühüm istiqamət isə beynəlxalq ticarətin ayrı-ayrı riskli nəqliyyat marşrutlarından asılılığının azaldılmasıdır. Məhz bu kontekstdə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin inkişaf etdirdiyi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun - Orta Dəhlizin strateji əhəmiyyəti daha da artır. Son illərin statistikası bu marşrutun əhəmiyyətinin yüksəldiyini göstərir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına əsasən, 2024-cü ildə Transxəzər Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların həcmi 62 faiz artaraq təxminən 4.5 milyon tona çatıb. Bu göstərici dəhlizin inkişaf potensialını nümayiş etdirsə də, onun tam rəqabətqabiliyyətli nəqliyyat marşrutuna çevrilməsi üçün əlavə infrastruktur investisiyaları və institusional koordinasiya tələb olunur. Dünya Bankının 2026-cı ilin sentyabrında dərc etdiyi araşdırmaya əsasən, strateji investisiyalar və nəqliyyat-logistika sisteminin təkmilləşdirilməsi nəticəsində 2040-cı ilədək Orta Dəhliz boyunca ticarət həcmlərinin üç dəfədən çox artırılması, daşınma müddətlərinin yarıya endirilməsi və təxminən 2 milyon əlavə iş yerinin yaradılması mümkündür. Dünya Bankı həmçinin dəhlizin fiziki infrastrukturundakı məhdudiyyətlərin aradan qaldırılması üçün 2040-cı ilədək ən azı 25 milyard dollar investisiyaya ehtiyac olduğunu bildirir. Bu proqnozlar dəhlizin yalnız alternativ tranzit istiqaməti deyil, həm də region ölkələri arasında iqtisadi inteqrasiyanın mühüm vasitəsi ola biləcəyini göstərir".
"Azərbaycan bu prosesdə əsas logistika qovşaqlarından biri kimi çıxış edir. Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyadan daxil olan yüklərin Azərbaycan üzərindən Gürcüstan və Türkiyə istiqamətində daşınması ölkəmizin Avrasiya nəqliyyat sistemində strateji mövqeyini gücləndirir. Xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin fəaliyyətində mühüm rol oynayır. Burada nəzərə alınmalıdır ki, Orta Dəhlizin bir istiqaməti Gürcüstanın Qara dəniz limanlarından keçdiyindən marşrut mövcud təhlükəsizlik risklərindən tam təcrid olunmayıb. Lakin Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə dəmir yolu bağlantıları yüklərin Qara dənizdən keçmədən Avropa istiqamətində daşınmasına imkan yaradır. Buna görə də Bakı-Tbilisi-Qars dəmir yolunun potensialından daha geniş istifadə, Xəzər dənizində bərə daşımalarının artırılması və multimodal logistika imkanlarının genişləndirilməsi strateji əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının daha da dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qazaxıstanın Aktau və Kurık, Türkmənistanın Türkmənbaşı və Azərbaycanın Ələt limanları arasında əlaqələrin gücləndirilməsi Xəzər üzərindən yükdaşımaların səmərəliliyini artıra bilər. Bununla yanaşı, gömrük prosedurlarının rəqəmsallaşdırılması, tranzit tariflərinin uyğunlaşdırılması, elektron sənəd dövriyyəsinin genişləndirilməsi və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi dəhlizin rəqabətqabiliyyətliliyini artıran əsas amillərdir. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında siyasi əməkdaşlığın yeni institusional mərhələyə qədəm qoyması da bu istiqamətdə əlavə imkanlar yaradır. 2026-cı il oktyabrın 8-də Türkmənistanın Avaza şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının səkkizinci Məşvərət Görüşü regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm mərhələ olub. Azərbaycanın bu formatda tamhüquqlu iştirakı və 2027-ci ildə sədrliyin ölkəmizə keçməsi nəqliyyat-logistika sahəsində yeni birgə təşəbbüslərin irəli sürülməsi üçün əlverişli imkanlar yaradır. Görüş zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2027-ci ildə Xivədə "Mərkəzi Asiya-Azərbaycan" Biznes Forumunun keçirilməsi təşəbbüsü, eləcə də regional infrastruktur əməkdaşlığının gücləndirilməsi ilə bağlı təkliflər iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından əhəmiyyətlidir", - müsahibimiz qeyd edib.
R.Bayramlı hesab edir ki, Azərbaycanın 2027-ci ildəki sədrliyi çərçivəsində Orta Dəhlizin inkişafı əsas prioritetlərdən biri kimi müəyyənləşdirilə bilər:
"Xüsusilə Xəzər dənizində limanlararası koordinasiyanın gücləndirilməsi, konteyner daşımalarının genişləndirilməsi, tranzit tariflərinin uyğunlaşdırılması və rəqəmsal logistika platformalarının inkişafı istiqamətində konkret təşəbbüslərin irəli sürülməsi məqsədəuyğun olardı. Bununla yanaşı, Azərbaycan, Qazaxıstan, Türkmənistan və digər tərəfdaş ölkələrin birgə investisiya layihələrinə üstünlük verməsi, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və Türkiyə üzərindən Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi regionun beynəlxalq ticarət sistemində mövqelərini gücləndirə bilər. Burada əsas məqsəd yalnız tranzit həcmlərinin artırılması deyil, həm də sabit tariflərə, proqnozlaşdırıla bilən çatdırılma müddətlərinə və əlaqələndirilmiş logistika xidmətlərinə əsaslanan vahid nəqliyyat sisteminin formalaşdırılması olmalıdır. Nəticə etibarilə Qara dənizdəki təhlükəsizlik böhranı bir daha göstərir ki, müasir geosiyasi şəraitdə nəqliyyat marşrutlarının şaxələndirilməsi yalnız iqtisadi səmərəlilik deyil, həm də strateji təhlükəsizlik məsələsidir. Bu baxımdan Orta Dəhliz Qara dənizdəki riskləri tam aradan qaldıran alternativ olmasa da, beynəlxalq ticarətin dayanıqlılığını artırmaq və riskli marşrutlardan asılılığı azaltmaq baxımından mühüm imkanlar təqdim edir. Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında güclənən əməkdaşlıq isə Orta Dəhlizin yalnız tranzit marşrutu kimi deyil, Avrasiyanın yeni nəqliyyat-logistika arxitekturasının strateji komponenti kimi formalaşmasına xidmət edə bilər".
Oxşar xəbərlər
Hindistan Azərbaycandan neft alışını 5 dəfəyə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Hindistana 524 min 337,96 ton xam neft ixrac edib. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömr...