İlham Əliyev: “Azərbaycanda dərin iqtisadi islahatlar aparılacaq”
"Maaşlar, pensiyalar artırılıb, bu, sosial siyasətimizin nəticəsidir”. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bunu "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, manatın məzənnəsinin sona qədər sabit saxlanılmasına çalışılıb: "Neftin qiymətinin 4 dəfə, qonşu ölkələrin mili valyutalarının 100 faiz dəyərdən düşməsi manatın məzənnəsini sabit saxlamağa imkan vermədi. Ancaq nəzərə almaq lazımdır ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Sosial siyasət, dərin iqtisadi islahatlar bizə bu vəziyyətdən də uğurla çıxmağa imkan verəcək. 2016-cı il dərin iqtisadi islahatlar ili olmalıdır və olacaq. Əlavə sərəncam və fərmanlar da imzalanacaq ki, iqtisadiyyatımız güclənsin”. Prezident İlham Əliyev bildirib ki, son 12 ildə ölkədə 25 elektrik stansiyası tikilib: "2004-cü ildə demək olar ki, rayonlarda qaz yox idi. Biz 2007-ci ilə qədər qazı xaricdən alırdıq. Bu gün Azərbaycan üzrə qazlaşma 90 faizə çatıb, sovet dövründə qaz üzü görməyən ucqar yerlərə də qaz çəkdik. Bölgələrdə qazlaşma səviyyəsi 80 faiz təşkil edir. Son illərdə 12 min km yol çəkilib. Bizi başqa ölkələrlə birləşdirən magistral yollar qurulub. Eyni zamanda kənd yolları çəkilir, bu il də bu məqsədlə əlavə vəsait ayrılacaq. Digər tərəfdən, əhaliyə 24 saat ərzində təmiz su verilməlidir, bu istiqamətdə də işlər görülür". Dövlət başçısı qeyd edib ki, Azərbaycanda 5 minə qədər məktəb var, son 12 ildə 3 min məktəb tikilib: "Son 12 ildə maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb. 89 köçkun qəsəbəsi tikilib, 225 min insan yeni mənzillərə köçürülüb. Hesab edin ki, böyük bir şəhər yaratmışıq. Digər tərəfdən, ötən müddət ərzində sahibkarlara 1,7 milyard manat güzəştli kredit verilib. 12 il ərzində Azərbaycana 200 milyard dollar xarici sərmayə qoyulub. Sabitlik olmasa, bu qədər xarici sərmayə Azərbaycana qoyulardımı?" Dövlət başçısı bildirib ki, əgər iqtisadi müstəqillik əldə olunmasaydı, Azərbaycan asılı vəziyyətə düşəcəkdi: "Düzdür, keçən il çətin olub. Ancaq biz çətinliklə də üzləşməliyik, 1990-cı illərdən çətin vəziyyət deyil. Dünya iqtisadiyyatında bizdən asılı olmayan səbəblərdən tənəzzül yaşanır, biz də dünya iqtisadiyyatının bir hissəsiyik. Bizə də təsir edir, amma biz inamla inkişaf edəcəyik. Son 12 il ərzində böyük, şərəfli yol keçmişik. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilib, kosmik dövlətə çevrilmişik”. Bundan başqa, ölkə başçısı bildirib ki, Azərbaycanın tolerant dövlətdir. Prezident qeyd edib ki, Bakıda bu il BMT-nin himayəsi altında Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək: "Bizim iqtisadiyyat da sürətlə inkişaf etməyə davam edəcək”. Dövlət başçısı bildirib ki, ölkədə ictimai-siyasi sabitliyin təmin olunması təbii haldır: "Xalqımızın vahid amal ətrafınla birləşməsi, uğurlarımız bunu təmin edir. Baxmayaraq ki, ətraf ölkələrdə qarşıdurmalar baş verir. Belə olan halda Azərbaycan nümunəsi dünya üçün əhəmiyyətlidir və bir çox yerdə Azərbaycan təcrübəsi öyrənilir. Azərbaycan demokratiya yolu ilə sürətlə irəliləyir. Bu bizim şüurlu seçimimizdir. İqtisadi inkişaf demokratik prosesdən kənar təmin oluna bilməz. Ona görə də Azərbaycanda iqtisadi və demokratik islahatlar paralel aparılır. Parlament seçkiləri də bunu sübut etdi, seçkilər şəffaf keçdi, Azərbaycan xalqının arzuları tam təmin edildi. Seçkinin nəticələri apardığımız siyasətə xalqımızın böyük dəstəyini ortaya qoydu. Ona görə də xalqımıza minnətdaram. Xalqımızı əmin etmək istəyirəm ki, dünyadakı böhrana baxmayaraq, Azərbaycan uğurla inkişaf edəcək”. Prezident İlham Əliyev bildirib ki, ölkə iqtisadiyyatının əsas göstəricisi qeyri-neft sənayesinin 8,4 faiz artmasıdır: "Kənd təsərrüfatına da son vaxtlar xüsusi diqqət göstərilir, bu sahədə 6,4 faiz artım olub. Çalışmalıyıq ki, böhranlı şəraitdə də iqtisadiyyatımız inkişaf etsin, 2016-cı ildə yeni iş yerləri, müəssisələr yaradılsın”. BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev nazirləri topladı
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfra...