İran və ABŞ arasında atəşkəs qiymətlərə necə təsir edəcək? - VACİB AÇIQLAMA
"Atəşkəsin nə qədər davamlı və uzunömürlü olacağı maraqlıdır. Bu proses dönməz xarakter alarsa, artıq müharibə ehtimalı sıradan çıxarsa, iqtisadiyyata müəyyən təsir göstərəcək".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
AQC sədri əlavə əlavə edib ki, əgər atəşkəs müvəqqəti xarakter daşıyırasa, hər hansı ciddi təsirdən söhbət gedə bilməz:
"Bu, sadəcə nəfəs aralığıdır. Tərəflərin öz planlarına, proqramlarına yenidən baxmaq üçün əldə etdikləri bir fürsət kimi qiymətləndirilə bilər.
Yox, əgər davamlı olacaqsa, körfəzdə müharibə ehtimalı aradan qalxacaqsa, İran və ABŞ bir-birinin irəli sürdüyü şərtlərə uyğunlaşacaqsa, müəyyən dəyişikliklərə start veriləcəksə, bu artıq ciddi iqtisadi təsirləri öz arxasınca gətirəcək.
Bunlar ilk növbədə logistika risklərinin aşağı düşməsidir. Hazırda bildiyiniz kimi çox böyük risklər var və tranzit ticarət, logistika xidmətlərindən istifadə edən ticarət demək olar ki, dayanmış vəziyyətdədir. Bu risklər iqtisadi fəallığı azaldıb və eyni zamanda logistika xərclərinin artmasına səbəb olub. Bu da həmin xidmətlərdən istifadə edən tərəflərin xərclərini daha da yüksəldib.
Bu isə məhsulların qiymətinə təsir göstərməyə başlayıb və nəticədə qiymətlər artdıqca inflyasiyanın da ciddi şəkildə yüksəlməsi müşahidə olunur. Əgər müharibə dayansa, sülh əldə olunsa, o zaman inflyasiya təzyiqi azalacaq. Bu, təkcə dünya dövlətlərində deyil, Azərbaycanın özündə də hiss olunacaq".
Vüqar Oruc hesab edir ki, bu, mürəkkəb prosesdir, amma digər tərəfdən strateji məhsulların, xüsusilə də neft və qızılın qiymətlərində sabitləşmə və müəyyən uzlaşma baş verə bilər:
"Bu, birdən-birə baş vermir, müəyyən zaman tələb edir ki, bu proseslər reallaşsın. Nəticədə dünya iqtisadiyyatında müəyyən sabitlik və yenidən canlanma müşahidə oluna bilər.
İqtisadi risklər müəyyən qədər azala bilər və məhsulların qiymətlərində sabitləşmə imkanı yarana bilər. Amma müharibə riskləri artdıqca logistika imkanları məhdudlaşır, xərclər artır və bu da məhsulların maya dəyərinin yüksəlməsinə səbəb olur. Nəticədə ölkələr arasında idxal zamanı məhsullar daha baha başa gəlir və bu da daxili bazarlarda qiymət artımı ilə müşayiət olunur".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycan nefti 141 dollardan 140 dollara düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1 ABŞ dolları və ya 0,7 % azalaraq 140,68 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər v...