Hökumət qərar verdi: bu müəllimlərin maaşı artırıldı
Azərbaycanda stasionar şəraitdə sağlamlıq imkanları məhdud şəxslərə dərs keçən müəllimlərin aylıq maaşları artırılıb.
BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, Nazirlər Kabineti bununla bağlı "Stasionar şəraitdə təhsilin təşkili Qaydaları”nda dəyişikliklər edib.
"Stasionar şəraitdə təhsilin təşkili Qaydaları "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunun müddəalarına uyğun olaraq stasionar müalicədə olan sağlamlıq imkanları məhdud şəxslərin ümum-təhsil tədris proqramlarına uyğun təhsili ilə əlaqədar məsələləri tənzimləyir. Sağlamlıq imkanları məhdud şəxslər stasionar tibb müəssisələrində uzunmüddətli (21 gündən artıq) stasionar müalicədə olarkən, Təhsil Nazirliyi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında onların müvafiq ümumi tədris proqramlarına uyğun təhsil almalarını təşkil edir. Stasionar tibb müəssisəsində təlim-tərbiyənin təşkili və ona rəhbərlik stasionar tibb müəssisəsinin yaxınlığında yerləşən ümumtəhsil məktəbi tərəfindən həyata keçirilir. Stasionar tibb müəssisəsində pedaqoji fəaliyyətə qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər buraxılırlar.
İndiyə qədər stasionar tibb müəssisəsində pedaqoji fəaliyyətlə məşğul olanların əməyi Nazirlər Kabinetinin 2011-ci il 13 dekabr tarixli 203 nömrəli qərarına 1 nömrəli əlavə - "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nə uyğun olaraq ümumi təhsil müəssisəsinə ayrılmış vəsait hesabına ödənilib. Dəyişikliyə əsasən bundan sonra həmin müəllimlərin əməyi Nazirlər Kabinetinin 2013-cü il 30 avqust tarixli 240 nömrəli qərarına 1 nömrəli əlavə - "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələri tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nə uyğun olaraq ümumi təhsil müəssisəsinə ayrılmış vəsait hesabına ödəniləcək.
Beləliklə, həmin müəllimlərin əmək maaşları artırılacaq. Məsələn, Nazirlər Kabinetinin 2011-ci il 13 dekabr tarixli 203 nömrəli qərarına 1 nömrəli əlavə - "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nə əsasən əməyin ödənilmə dərəcələri (1-ci dərəcədən 19-cu dərəcəyə) üzrə aylıq maaş 93,5-644 manat aralığında olubsa, Nazirlər Kabinetinin 2013-cü il 30 avqust tarixli 240 nömrəli qərarına 1 nömrəli əlavə - "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələri tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nə əsasən əməyin ödənilmə dərəcələri (1-ci dərəcədən 19-cu dərəcəyə) üzrə aylıq maaş 105-700 manat aralığındadır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın 12 şəhər və rayonunda müəllimlərin maaşı 2 dəfə artacaq
Gələn il respublikanın daha 12 şəhər və rayonun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının dioqnostik qiymətləndirilməsini...